“TAC” MMC (“Aquavita”) şirkətində narazılıq yaranıb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda qeyd olunur ki, şirkət bir neçə aydır işçilərin maaşını vermir. İşçilərin dediyinə görə, noyabr ayı başa çatmaq üzrə olsa da, şirkətin işçiləri avqust ayının maaşını bu günlərdə alıblar:
“Əməkhaqqının gec verilməsi və ya verilməməsi ilə bağlı narazılıq edən işçilər isə şirkətdən çıxarılır. Şirkətin işçiləri arasında elələri var ki, onlar hər ay kredit ödəyir, kirayədə yaşayırlar. Lakin şirkət rəhbəri işçilərin sosial durumunu fikirləşmir. Heç bir şikayətə baxılmır. Hətta dövlət qurumlarına edilən şikayətlərin də nəticəsi olmayıb. Məsələni ictimailəşdirmək istəyənlər isə işdən qovulacaqları ilə hədələnirlər. Bu baxımdan işçilər problemlərini anonim şəkildə sosial şəbəkələrdəki iri səhifələr vasitəsilə ictimailəşdirmək məcburiyyətində qalıblar”.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əməkhaqqını vaxtında ala bilməyən işçilər kollektiv şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməlidirlər. İşçilər ya yazılı, ya da kollektiv şəkildə adıçəkilən quruma şikayət edə bilərlər: “Həmin şirkətdə çalışan işçilərin əmək müqaviləsinin olub-olmaması sual doğurur. Əgər işçilərin əmək müqaviləsi varsa, işçilər məhkəməyə müraciət edə bilərlər. Əmək müqaviləsi olmasa belə, işçilər kollektiv şəkildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər”.
“Əməkhaqqını vaxtında ala bilməyən işçilər kollektiv şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməlidirlər”
Məsələ ilə bağlı “TAC” MMC (“Aquavita”) şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətdən bizə qısa zamanda cavab veriləcəyini desələr də, sonda sorğumuza cavab verən olmadı. Şirkətlə əlaqə saxladığımız zaman bizə rəhbərliyin ya işdə olmadığını, ya da aidiyyəti şəxslərin məşğul olduqlarını dedilər.
Günel CƏLİLOVA