Dünyanın aktual problemlərindən biri də intihardır. Dünya təcrübəsi göstərir ki, əksər hallarda intiharlar bədbəxt hadisə kimi qeydə alındığına, bəzən isə ölümün intihar, yoxsa qətl hadisəsi olub-olmadığı müəyyənləşdirilmədiyinə görə əsl intiharların sayı barədə dəqiq məlumat əldə etmək kifayət qədər çətindir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intihar edərək dünyasını dəyişənlərin sayı təkcə il ərzində 1 milyon nəfər təşkil edir.
Qeyd edək ki, ölkəmizdə də bu problem mövcuddur və son illər bu halla insanlar demək olar ki, tez-tez rastlaşırlar. İntiharların qarşısını almaq üçün Milli Fəaliyyət Planı hazırlanacaq. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "İntiharların qarşısının alınması" mövzusunda keçirilən “dəyirmi masa”da deyib. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, orta hesabla son 45 ildə intiharların sayı 60 faiz artıb. İntihar edənlərin üçdə biri cavanlardır.
A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin, psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb.
Ekspertlərin fikrincə, İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının hazırlanması bu sahədə yaşanmış problemin həll olunmasına səbəb olacaq.
“İntihar xəbərləri mediada geniş şəkildə yayılmamalıdır”
Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, intihar halları yalnız Azərbaycanın deyil, bütün dünyanın narahat olduğu çox ciddi problemdir. Hətta Dünya Psixiatriya Assosiasiyası XXI əsri depressiya və intiharlar əsri adlandırıb: “İntiharların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı maarifləndirmə işləri aparılır, psixoloqlar kömək etməyə çalışır, “qaynar xətt” yaradılır və s. Ancaq bu cür tədbirlər köklü şəkildə məsələni həll etmir, demək olar ki, hər gün intihar xəbərini eşidirik. Necə olur ki, bir insan öz canına qəsd edə bilir? Dünyada elə bir problem varmı ki, onu aşa bilməyəsən? İntiharların qarşısını necə almaq olar? Bu sualın cavabı tam şəkildə tapılmadan intiharların qarşısının alınması mümkünsüzdür”.
Həmsöhbətimiz hesab edir ki, intiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. Belə ki insan resursları ilə işləyən peşə qrupları - müəllimlər, sahə həkimləri, sosial işçilər və başqaları sayıqlıq göstərməli, bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərlə sıx əməkdaşlıq etməlidirlər: “İntihar xəbərləri mediada geniş şəkildə yayılmamalıdır. Təəssüf ki, bəzi xəbər portalları intihar hadisəsini qabarıq şəkildə işıqlandırır, intihar edəni az qala qəhrəman kimi təqdim edirlər. Bu yolverilməzdir. İlk növbədə media bu məsələyə həssas olmalıdır. Milli Fəaliyyət Planı hazırlanarsa, medianın mövqeyi də nəzərə alınmalıdır. Mediada bu tip xəbərlər qabarıq şəkildə təqdim olunmamalı, eyni zamanda, saytlarda bu mövzuda xəbər və ya material hazırlanarsa, daha həssas yanaşılmalıdır”.
Psixoloqun fikrincə, intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində birgə tədbirlər həyata keçirilməlidir.
K.Vaqifqızının sözlərinə görə, intiharların başvermə səbəbləri müxtəlifdir: "İnsan çıxış yolu tapmadıqda, depressiyaya düşdükdə bu hadisə baş verir. Lakin təəssüf ki, son vaxtlar cəmiyyətdə intiharlar dəb halını ala bilir. Bu böyük bir problemdir. Nəzərə almaq lazımdır ki, insan psixoloji varlıqdır. İnsan cəmiyyəti öz şüuru çərçivəsində dərk edir. İnsan düşdüyü mühitdə qərar qəbul edəcək məxluqdur. İntiharların təməlində fərdi, psixoloji xüsusiyyətlər dayanır. Yəni cəmiyyətdə baş verən intiharların özəyində insanın şüuru, cəmiyyətdəki statusu dayanır. Bunun üçün də intiharların qarşısını almaq üçün insanların şüurunda müəyyən dəyişikliklər edilməlidir".
Günel CƏLİLOVA