Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar regionlarda seminarlara başlayıb.
AVCIYA Seçki Qərargahından baki-xeber.com-a verilən bilgiyə görə, Assosiasiya ilk seminarları Şirvan və Sabirabad rayonlarında keçirib. Seminarlarda ətraf rayonlardan olan müşahidəçilər də içtirak edib. Hər iki tədbirdə AVCİYA rəhbəri, professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər məruzələrlə çıxışlar ediblər.
Məruzələrdə Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, qanunvericilik bazası, yerli özünüidarə haqqında beynəlxalq təcrübə və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Məruzəçilər, həmçinin, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilib, regionda bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.