ADPU-da akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi - FOTO

Noyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi” mövzusunda elmi konfrans keçirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, konfransı universitetin rektoru, professor Cəfər Cəfərov açaraq bildirib ki, akademik Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının inkişafında müstəsna xidmətləri olmuş görkəmli alimlərdən biridir. Məhz buna görə Prezident İlham Əliyev bu tarixi şəxsiyyətin 110 illiyinin qeyd edilməsi ilə bağlı 11 fevral 2019-cu il tarixində Sərəncam imzalayıb. Sərəncamda akademik Həmid Araslı qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının, eləcə də folklorşünaslığımızın tədqiqat sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanması xüsusi vurğulanır.Professor C.Cəfərov daha sonra qeyd edib ki, həqiqətən də akademik Həmid Araslı öz araşdırmaları və tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib, folklorumuzun tədqiqi sahəsində yorulmaq bilmədən çalışıb, “Kitabi Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin işıq üzü görməsinə nail olub, görkəmli klassiklərimiz Nizami, Nəsimi, Füzuli kimi dahilərin irsinin öyrənilməsində böyük zəhmət çəkib, mükəmməl monoqrafiya və elmi məqalələr müəllifi kimi tanınıb. Onun elmi yaradıcılığı ilə yanaşı pedaqoi fəaliyyəti və ölkənin mədəni–ictimai həyatında yaxından iştirakı da xüsusi vurğulanmalıdır. Bu sahələrdə də mükəmməl və səmərəli fəaliyyəti ilə o həmişə diqqət mərkəzində olub.
Sonra ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Azərbaycan ədəbiyyatşünaslığının inkişafında akademik Həmid Araslının rolu”, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov “Akademik Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında AMEA-nın Nizamişünaslıq şöbəsinin əməkdaşları - əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və başqaları çıxış edərək akademik Həmid Araslı ilə bağlı maraqlı məlumatlar veriblər.
Sonra akademik Həmid Araslının qızı, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstititunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı atasının elmi yaradıcılığı, pedaqoji fəaliyyəti barədə ətraflı çıxış edib, universitetin rektoru, professor Cəfər Cəfərova, Filologiya fakültəsi dekanı professor Mahirə Hüseynovaya, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.