Telman Zeynalov: “İqlim dəyişikliklərinin bir sıra ekoloji fəsadları olur”
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrə sərmayə yatırmaqda maraqlıdır. Bu barədə mətbuata açıqlamasında bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.
İ.Duarte bildirib ki, AYİB iqlim layihələrinin maliyyələşdirilməsi sahəsində öz hədəflərinə nail olmaq üçün işlərini davam etdirir: “2018-ci ildə bankın sərmayələrinin 36 faizi yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəldilib. Bu tendensiyanı biz Azərbaycanda da təkrarlamaq istərdik".
Azərbaycandakı nümayəndəliyin rəhbəri qeyd edib ki, AYİB iqtisadiyyatın diversifikasiyasına söykənən müxtəlif sektorlarda münasib layihələri nəzərdən keçirməyə hazırdır.
AYİB-in Azərbaycan üzrə 2019-cu il üçün prioritetlərindən danışam İ.Duarte qeyd edib ki, sərmayə üçün lazımlı istiqamətlər Azərbaycan üzrə bankın qüvvədə olan ölkə strategiyasında müəyyən edilib.
Qeyri-neft sektoru ilə yanaşı, bank energetika sektorunu da dəstəkləməkdə davam edir. "Şahdəniz-2" layihəsi çərçivəsində "LUKoil Overseas Shah Deniz Ltd" üçün kreditin verilməsi prosesindən danışan İ.Duarte bildirib ki, "layihə bizim səhmdarlarımız tərəfindən bəyənilib, lakin hələ imzalanmayıb".
O da məlumdur ki, iqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərir. Bəzi mövsümlərdə bu özünü daha qabarıq şəkildə büruzə verir. Məsələn, yağıntıların miqdarı azalır, quraqlıqlar artır, əkin sahələrini siçovullar basır və s. Bütün bunlar kənd təsərrüfatında daha mütərəqqi texnologiyaların tətbiq edilməsini və ümumən bu sahəyə daha çox sərmayələrin qoyulmasını tələb edir. O üzdən, yaxşı olardı ki, AYİB bu sahəyə daha çox sərmayə qoysun.
Digər tərəfdən, iqlim dəyişiklikləri həm də ekologiyaya mənfi təsir göstərir. Bəzi yerlərdə quraqlıqlar artır, bəzi yerlərdə isə, əksinə, yağıntıların normadan artıq yağması torpaq sürüşmələrinin geniş yayılmasına rəvac verir. Bu da, öz növbəsində, kənd təsərrüfatına yararlı ərazilərin daha da azalmasına gətirib çıxarır.
Məsələyə münasibət bildirən aqrar sahə üzrə ekspert Qadir Bayramlının sözlərinə görə, bu sahəyə sərmayə qoyuluşunun artırılması ilə yanaşı, bunun elmi əsaslandırılması da olmalıdır: “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri 30 ildir aktual olaraq qalır. Bunun mənfi fəsadları beynəlxalq səviyyədə müzakirə olunan məsələdir. Reallıq ondan ibarətdir ki, iqlim dəyişiklikləri məhsuldarlığın azalmasında müəyyən rol oynayır. Xüsusən də dünyanın ayrı-ayrı regionlarında baş verən iqlim anomaliyaları fəsillərin yerdəyişməsinə öz təsirini göstərir. Bəzi bölgələrdə görürsən ki, əvvəllər görünməmiş yağışlar yağır. Əvvəlki kimi qış olmur və s. Bütün bunlar bu və digər şəkildə kənd təsərrüfatına təsir edir. Müsbət haldır ki, AYİB Azərbaycanda bununla bağlı layihələri nəzərdən keçirir. Hesab edirəm ki, bununla bağlı elmi araşdırmalar genişləndirilməli və buna uyğun olaraq sərmayə qoyuluşları artmalıdır. Çünki iqlim dəyişikliyi Azərbaycanda torpaqların şoranlaşmasına, erroziyaya səbəb olur. Artıq ikinci ildir Azərbaycanın əksər rayonunda və Abşeron yarımadasında əvvəlki illərdə olan qış olmur. Qış daha mülayim keçir. Bu da, nəticə etibarilə, kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərir. Bu təkcə taxılçılıqda özünü göstərmir. Eyni zamanda, meyvəçilikdə, tərəvəzçilikdə məhsuldarlığa, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Ən nəhayət, bu məsələdə çıxış yollarından biri də kənd təsərrüfatında səmərəli metodlara üstünlük verilməsidir. Beynəlxalq maliyyə qurumları ilə kənd təsərrüfatı infrastrukturunun yenilənməsində əlaqələr genişləndirilməlidir. Suvarma sahələri müasir tələblərə uyğun yenidən qurulmalıdır. O zaman iqlim dəyişikliklərinin fəsadlarını minimuma endirmək mümkün olacaq”.
Sözügedən məsələni dəyərləndirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun fikrincə, iqlim dəyişikliklərinin bir sıra ekoloji və digər fəsadları olur: “Görürsən ki, havalar həddən artıq isti keçir. Elə yer var yağıntılar daha çox olur. Yaxud da qar yağmaması əkinçilik və kənd təsərrüfatı üçün zərərlidir. Ancaq qar olmasa da, yağış yağır. Qar torpaqda nəmliyi saxlamaq üçündür, çünki yağış yağır və buxarlanıb gedir. Qar olsa və bir həftə torpağın üstündə qalsa, o, yazda və yayda yaxşı məhsuldarlıq olması üçün kifayət edir. Ancaq məsələ ondadır ki, hər 60-70 ildən bir iqlim dəyişilir. Havalar tədricən soyuyur, qar olmasa da, hava 7-8 dərəcədən yuxarı qalxmır. Həmçinin, o da faktdır ki, hazırda ekoloji müharibə gedir, iqlimi, hava şəraitini dəyişən silahlar var. ABŞ və Rusiya kimi böyük dövlətlər bu cür silahlardan istifadə edir, küləyin istiqamətini dəyişə bilirlər”.
Vidadi ORDAHALLI