Nadir İsrafilov: “Müəllimlərin həm sertifikasiyası, həm də diaqnostik qiymətləndirmədən keçməsi paralel şəkildə aparılmalıdır”
“Müəllimləri həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçməsinə nə ehtiyac var?" Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin ötən iclasında çıxış edərkən deyib.
Deputat hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: “Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirməyə nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur“.
Ancaq ekspertlər isə hesab edirlər ki, müəllimlər sertifikasiya və diaqnostik qiymətləndirmədən keçməlidir.
Təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində qeyd etdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axırıncı dəfə 1994-cü ildə tətbiq edilib: "Ondan sonra məktəbdə çalışan müəllimlərin biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb. Müəllimlərin sertifikasiyadan keçirilməsi müsbətdir. Məlumdur ki, 2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keçirilməyə başlandı və bu proses 2017-ci ilə qədər davam edib.
Məlumat üçün bildirim ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiyadan keçən müəllimin bilik və bacarığına müvafiq olaraq, differensial əməkhaqqı da tətbiq edilə bilər".
Həmsöhbətimiz hesab edir ki, müəllimlərin əməkhaqqını, təhsildə keyfiyyəti artırmaq istəyiriksə, daim onların bilik və bacarıqlarını yoxlamalıyıq. Müəllimlərin həm sertifikasiyası, həm də diaqnostik qiymətləndirmədən keçməsi paralel şəkildə aparılmalıdır.
Ekspert Azərbaycan təhsilinə sertifikasiyanın gətirilməsini və qanuniləşdirilməsini alqışlayır: "Bu, beynəlxalq praktikada da var. ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə nə dərəcədə uyğun olmasını yoxlamaqdır. Sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Bu, ilk növbədə, müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər. Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqamət var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir".
Günel CƏLİLOVA