Kamran Əsədov: “İmtahanlara iki aydan az vaxt qalmış müddətdə bu cür dəyişikliklərin elan olunması abituriyentlər üçün əlavə psixoloji yük yaradır”
Dövlət İmtahan Mərkəzinin qabiliyyət tələb edən ixtisaslarla bağlı verdiyi son qərarı bu istisaslar üzrə hazırlaşan abituriyentlərin narazılığına səbəb olub. Xüsusilə dizayn ixtisası üzrə hazırlaşıb gücü daha çox qabiliyyət imtahanına verən abituriyentlərin bu dəfəki imtahanlarda qabiliyyəti deyil, test cavablarının əsas götürüləcəyi onlar arasında çaşqınlıq yaradıb.
Şikayətçilər bildirir ki, test buraxılış imtahanlarına 2 aydan az vaxt qaldığı bir ərəfədə belə qərarın verilməsi qəbul edilməzdir. Valideynlər və illərdir qabiliyyət imtahanına hazırlaşan abituriyenlər bu qərara qarşı çıxır, bu qərarı haqsızlıq adlandırır: “DİM 5 dekabr qərarında açıqlayıb ki, 2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək. Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq”.
Maraqlıdır, təhsil ilinin ortasında belə qərar vermək nə dərəcədə doğrudur?
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dövlət İmtahan Mərkəzinin qəbul mexanizmlərində apardığı islahatların əsas məqsədi şəffaflığın, obyektivliyin və ölçmə etibarlılığının yüksəldilməsidir və bu yanaşma bütövlükdə Azərbaycan təhsil sistemində qiymətləndirmə mədəniyyətinin formalaşmasına mühüm töhfə verib: “Son illərdə mərkəzləşdirilmiş imtahanların təşkili, nəticələrin statistik təhlili, açıq hesabatlılıq mexanizmləri və rəqəmsallaşma istiqamətində atılan addımlar DİM-i regionda etibarlı ölçmə və qiymətləndirmə qurumlarından birinə çevirib. Qabiliyyət tələb edən ixtisaslarla bağlı son qərar da məhz bu kontekstdə - qəbul prosesində daha obyektiv, standartlaşdırılmış və şəffaf mexanizm yaratmaq niyyəti ilə verilib və bu, prinsip etibarilə təqdirəlayiq yanaşmadır. Xüsusilə dizayn, memarlıq və incəsənət yönümlü ixtisaslar üzrə qabiliyyətin ölçülməsi məsələsində subyektivlik, qiymətləndirmə meyarlarının qeyri-müəyyənliyi və bəzən sosial ədalət hissini zədələyən amillər uzun illərdir müzakirə mövzusudur. DİM-in test əsaslı seçim mexanizmini ön plana çıxarması bu riskləri minimuma endirməyə, bütün abituriyentlər üçün bərabər start imkanları yaratmağa yönəlmiş addım kimi dəyərləndirilə bilər. Beynəlxalq təcrübə də göstərir ki, qəbul prosesində vahid ölçmə mexanizmlərinin tətbiqi korrupsiya risklərini orta hesabla 30–40 faiz azaldır və nəticələrin etibarlılığını ciddi şəkildə artırır. Eyni zamanda, qabiliyyətin mahiyyəti nəzərə alındıqda, bu bacarığın qısa müddətdə formalaşdırılan texniki vərdiş olmadığı da açıqdır. Qabiliyyət daha çox fərdin illər ərzində formalaşan estetik zövqünün, vizual təfəkkürünün, yaradıcılıq potensialının və daxili motivasiyasının nəticəsidir. Bu baxımdan, həqiqi istedada malik olan abituriyent istənilən vaxt bu bacarığını nümayiş etdirmək gücündədir. Dünya təcrübəsində də bu yanaşma geniş yayılıb. Məsələn, Finlandiya, Estoniya, Kanada və Sinqapur kimi ölkələrdə yaradıcı ixtisaslara qəbulda əsas meyar kimi ümumi akademik hazırlıq səviyyəsi götürülür, praktik bacarıqlar isə artıq ali məktəb mərhələsində intensiv şəkildə formalaşdırılır. OECD-nin 2023-cü il “Education at a Glance” hesabatına görə, inkişaf etmiş ölkələrdə yaradıcı sahələrə qəbul olunan tələbələrin 62 faizi universitetə qədər xüsusi qabiliyyət kursları keçməyib və əsas bacarıqlarını ali təhsil mərhələsində qazanıb”.
Ekspert hesab edir ki, imtahanlara iki aydan az vaxt qalmış müddətdə bu cür dəyişikliklərin elan olunması abituriyentlər üçün əlavə psixoloji yük yaradır. PISA 2022 nəticələrinin təhlili göstərir ki, yüksək stres və qeyri-müəyyənlik şəraitində şagirdlərin performansı orta hesabla 18–23 faiz azalır: “Bu isə deməyə əsas verir ki, qərarın mahiyyəti nə qədər düzgün olsa da, onun tətbiq mexanizmi və zamanlaması daha optimal planlaşdırılmalı idi. Ən məqsədəuyğun yanaşma bu dəyişikliklərin ən azı bir il əvvəl elan edilməsi, abituriyentlərə adaptasiya üçün kifayət qədər zaman verilməsi olardı. Bu, həm sosial ədalət prinsipini qoruyar, həm də DİM-in həyata keçirdiyi islahatlara ictimai etimadı daha da gücləndirərdi. Məsələnin digər mühüm tərəfi məktəblərdə qabiliyyətin formalaşdırılması istiqamətində mövcud boşluqlardır. Azərbaycan məktəblərində təsviri incəsənət, texnologiya və dizayn yönümlü fənlərin tədrisi əsasən formal xarakter daşıyır. Həftədə 1 saatlıq dərs yükü ilə, texniki avadanlıq, material bazası və ixtisaslaşmış müəllim çatışmazlığı fonunda şagirdlərdə real yaradıcılıq bacarıqlarının inkişafı mümkün olmur. Statistika göstərir ki, ümumi orta məktəblərin yalnız 27 faizində incəsənət və texnologiya kabinetləri müasir tələblərə cavab verir, kənd məktəblərində isə bu göstərici 10 faizin altındadır. Bu şəraitdə qabiliyyətin əsasən repetitor və kurs bazarında formalaşması sosial bərabərsizliyi daha da dərinləşdirir. Maddi imkanı zəif olan ailələrin övladları istedadlı olsalar belə, bu bacarığı inkişaf etdirmək imkanından məhrum qalırlar. Dünya təcrübəsində isə yaradıcı bacarıqların erkən yaşlardan məktəb mühitində inkişaf etdirilməsi əsas prinsip kimi qəbul edilir. Məsələn, Finlandiyada şagirdlər həftədə orta hesabla 3–4 saat layihə əsaslı incəsənət və dizayn dərsləri alır, Estoniyada STEAM modeli çərçivəsində yaradıcı tapşırıqlar bütün fənlərə inteqrasiya olunur. Nəticədə, PISA 2022-də bu ölkələrin şagirdləri problem həlli və kreativ düşüncə indikatorlarında OECD orta göstəricisindən 20–25 faiz yüksək nəticə göstəriblər.
Bu kontekstdə, DİM-in qəbul mexanizmini dəyişməsi təkcə imtahan formatı məsələsi deyil, həm də məktəb təhsilinin məzmununa ciddi siqnal kimi dəyərləndirilməlidir. Əgər qabiliyyətin ölçülməsi test əsaslı sistemə yönəlirsə, məktəblərdə yaradıcılıq, dizayn düşüncəsi, vizual savadlılıq və layihə əsaslı öyrənmə modellərinin gücləndirilməsi artıq təxirəsalınmaz zərurətə çevrilir. Əks halda, məktəb ilə qəbul sistemi arasında uyğunsuzluq daha da dərinləşəcək. Hesab edirəm ki, DİM-in məqsədi doğru, yanaşması sistemlidir və qəbul prosesində şəffaflıq və obyektivliyin artırılması baxımından yüksək dəyərləndirilməlidir. Lakin bu cür köklü dəyişikliklərin zamanlaması və tətbiq mexanizmi daha həssas planlaşdırılmalı, abituriyentlərin psixoloji yükü və sosial ədalət prinsipi mütləq nəzərə alınmalıdır. Eyni zamanda, bu qərar məktəblərdə qabiliyyət yönümlü tədrisin gücləndirilməsi üçün ciddi islahatların başlanmasına stimul verməlidir. Yalnız bu halda qəbul sistemi ilə təhsil məzmunu arasında sağlam balans formalaşa və uzunmüddətli keyfiyyət təmin oluna bilər”.
Günel CƏLİLOVA