Azər Həsrət: “Hesab edirəm ki, Lavrovun müqayisəsi uğursuzdur”
Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub. Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir.
Bu, o deməkdir ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək istəyi Rusiyanın maraqlarına uyğundur, əlini gücləndirir. Bu minvalla Lavrov həm də Krımın ilhaqına “bəraət” qazandırmağa çalışır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həstətin fikrincə, Qrenlandiya ilə Krımı müqayisə etmək əbləhlikdən başqa bir şey deyil: “Məsələ ondadır ki, Krım Rusiyanın çox yaxınlığındadır. Yəni Qara dənizin qapalı hövzəsindədir. Birləşmiş Ştatların ora hər hansı çıxışı yoxdur. Ehtimal etmək olar ki, Rusiya oradan təhdid gözləyirsə, ABŞ haradan ora hücum edə bilər? İşğal altındakı Krım ABŞ-ın Rusiyaya hücum edəcəyi ən sonuncu nöqtədir. Əgər ABŞ haçansa Rusiyaya qarşı açıq hərbi əməliyyatlara keçsə, bunun üçün Krıma gəlməsinə ehtiyac yoxdur. Çünki ABŞ-ın NATO cinahı artıq Rusiya sərhədindədir. Söhbət Baltikyanı ölkələrdən gedir. Bundan başqa okeanlar boyu Rusiyanın açıq sərhədləri var. Əlavə olaraq ABŞ Berinq boğazından keçib Rusiyaya hərəkət edə bilər. Yəni Krıma gəlməyə ehtiyac yoxdur. O baxımdan hesab edirəm ki, Lavrovun müqayisəsi uğursuzdur. Ancaq Qrenlandiya isə, ABŞ üçün həqiqətən də təhlükə təşkil edə bilər. Məsələn, Rusiya, Çin ABŞ-a doğru hərəkətlənmək istəsə, Qrenlandiya üzərindən bunu edə bilər. Hətta Rusiya Qrenlandiyanı işğal da edə bilər. Ukraynada apardığı təcavüzkar müharibəni nəzərə alsaq Rusiyanın Qrenlandiyanı işğal etmə ehtimalı həddən artıq çoxdur. Ancaq ABŞ-ın Krımı işğal etmək, oradan Rusiya təhlükə təşkil etməsi nəzəri olaraq nəzəri olaraq belə ağıla gələn deyil. Ona görə də Lavrovun bu müqayisəsi qüsurludur, əbləhlikdir və dünya ictimai rəyini aldatmaq cəhdidir”.
Vidadi RDAHALLI