Arzuxan Əlizadə: “Bundan artıq nə baş verməlidir ki, Avropa Parlament ölkəmizə qarşı münasibətini dəyişsin?”
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib ki, ümid edirəm Avropa Parlamenti Azərbaycana qarşı ədalətsiz mövqeyinə yenidən baxacaq:
“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Avroparlament açıq formada Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir: “Xüsusən də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edəndən sonra bu, özünü daha qabarıq formada göstərib. Elə il olub ki, Avropa Parlamenti Azərbaycana qarşı 3 qətnamə qəbul edib. Halbuki, işğala məruz qalan, yaşayış məntəqələri xarabalığa çevrilən, yüz minlərlə qaçqın və məcburi köçkünü olan tərəf Azərbaycan olub. İşğal dövründə bütün bunlar Avropa Parlamentini heç vaxt narahat etməyib. Hələ 2022-ci ilin oktyabrında baş nazir Nikol Paşinyan Praqada bəyan etdi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. O vaxt hələ Qarabağa tam nəzarət edə bilmirdik. Ondan sonra bir sıra proseslər getdi və Qarabağ üzərində suverenliyimiz tam bərqərar edildi. Ən nəhayət, ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan dövlət başçıları sülh sazişinin bəndlərini paraflayıblar. Daha sonra Azərbaycan üzərindən Ermənistana yüklərin daşınmasına start verilib. Yəni bundan artıq nə baş verməlidir ki, Avropa Parlament ölkəmizə münasibətini dəyişsin?”.
Vidadi ORDAHALLI