Ermənistan parlamentinin spikeri Alen Simonyan 2026-cı il parlament seçkilərindən sonra müxalifətdəki “Daşnaksütyun” partiyasının "kitabını bağlayacağına" söz verib.
Müxalifətin “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı mövqeyini şərh edən Simonyan, “Hayastan” fraksiyasının millət vəkili və “Daşnaksütyun”un üzvü Armen Rustamyanı layihənin mahiyyətini təhrif etməkdə günahlandırıb. Rustamyan əvvəllər Ermənistanın TRIPP layihəsinə etiraz etmək, mübahisəli məsələlərə veto qoymaq və ya qərar qəbuletmə prosesinə təsir etmək hüququna malik olmadığını bildirmişdi, çünki onun qiymətləndirməsində ölkə faktiki olaraq dövlətçiliyin bütün izlərini itirib. Simonyan bildirib: “Bu cür təhriflər və manipulyasiyalar yalnız “Daşnaksütyun”, Armen Rustamyan kimi biri üçün xarakterikdir. Problem ondadır ki, bu insanlar üçün siyasi mövcudluq yalnız faciə, müharibə və ağrı fonunda mümkündür. Hər hansı bir paytaxtdan asılı olmayan suveren və azad Ermənistan onların ən böyük qorxusudur. Onda onlar xarici strukturlarından istifadə edə bilməyəcəklər və ya sadəcə siyasi arenada mövcud ola bilməyəcəklər". Xatırladaq ki, 2025-ci ildə parlamentdə hökumət saatı iclasında Ermənistanın baş naziri Nikol Paşinyan siyasi partiyaların şəffaflıq və demokratiya prinsiplərinə riayət etməsini təmin etmək üçün mexanizmlərin hazırlanmasının vacibliyindən danışmış və əks halda onların seçki proseslərində iştirakının şübhə altına alına biləcəyini qeyd etmişdi.
Samirə SƏFƏROVA