Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar. Onlar da buradadırlar. Bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib.
“Bu möhtəşəm bir gündür. Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq istəyən çox ölkə var. Bu bir neçə gün ərzində biz dünyanın bir çox uğurlu iş adamları və dövlət başçıları ilə görüşlər keçirmişik...
Bu gün biz Qəzza ilə bağlı Sülh Şurasının yaradılması üçün bura toplaşmışıq. Yaxın Şərqdə sülh var. Heç kim bunun mümkün olduğunu düşünmürdü. Biz 8 müharibəyə son qoyduq”, - deyə o bildirib.
Tramp, Yaxın Şərqdə sülhün bərqərar olduğunu bildirib və bunun əvvəllər mümkün hesab edilmədiyini deyib. Onun sözlərinə görə, indiyədək səkkiz münaqişə həll olunub.
Tramp əlavə edib ki, daha bir münaqişənin yaxın zamanda həll ediləcəyinə inanır: “Düşünürəm ki, hansından danışdığımı bilirsiniz. Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu”.
ABŞ Prezidenti Ukraynadakı müharibəyə toxunaraq, orada insan tələfatının çoxluğunu dəhşətli adlandırıb. Tramp deyib ki, Ukrayna Putin üçün “gözünün ağı” olub. “Ukrayna Putinin “gözünün ağı” idi. Mən həmin dövrdə Prezident olsaydım, bu müharibə heç vaxt olmazdı”, - deyə Tramp qeyd edib.
O, eyni zamanda, müharibənin qəbuledilməz olduğunu vurğulayıb.
Tramp İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması ilə bağlı planlarından da danışıb. Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.
“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, – deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.
“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb.
ABŞ Prezidenti əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.
ZÜMRÜD