“Bravo” marketlər şəbəkəsində yumurtanın satışına limit qoyulmasına dair sosial şəbəkə platformalarında görüntülər yayılıb. Görüntülərdə qeyd edilir ki, bir şəxs marketdən maksimum 30 ədəd yumurta ala bilər.
Bu məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Mürvət Həsənli: “Gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq, problem yoxdur: “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir.
Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər. Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”.
“Bravo”: “Məhdudiyyət müvəqqəti xarakter daşıyır və topdan alışların qarşısını almağa yönəlib”
“Bravo”nun yaydığı məlumatda qeyd edilir ki, məhdudiyyət müvəqqəti xarakter daşıyır və topdan alışların qarşısını almağa yönəlib.
Kamran Məmmədli: “Marketlərin bunu etməkdə məqsədi endirimli və ya qıt məhsulların topdan alınıb sonra baha qiymətə satılmamasıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bayram günlərində marketlər müxtəlif növ kampaniyalar keçirir. Kampaniyalar əsasən gündəlik təlabat olan mallarda olur: “Təbii ki, bu məhsullara da təlabat yüksək olur. Belə olan halda marketlər məhsulu limitlə satır. Bu marketinq deməkdir. Marketlərin bunu etməkdə məqsədi endirimli və ya qıt məhsulların topdan alınıb sonra baha qiymətə satılmamasıdır. Həmçinin, endirimli məhsulların qısa zamanda tükənməməsi üçün də belə addım atılır”.
Günel CƏLİLOVA