Fuad İbrahimli: “Bərpa olunan enerjiyə keçid enerji dayanaqlılığı strategiyasının tərkib hissəsidir”
Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.
Bu, “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən təxminən üç dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək.
Maraqlıdır, MTK-ların binalarında bu işi kim görəcək, MTK sahibləri, ya dövlət?
“Yeniliyin gələcəkdə çoxmərtəbəli binalara şamil olunması ehtimal olunur, ancaq MTK rəhbərlərinin buna razılıq verib-verməyəcəyi bəlli deyil”
Iqtisadçı Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək, onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz edilməsi hələ real deyil, plandır: “Bu yeniliyin gələcəkdə çoxmərtəbəli binalara şamil olunması ehtimal olunur. Ancaq burda bir məsələ var. Belə ki, MTK rəhbərlərinin buna razılıq verib-verməyəcəyi bəlli deyil. Həmçinin, parkinq sahələri, blokların işıqlandırılması, yanğın çıxışlarının işıqlandırılması kimi yerlərdə bu tip avadanlıqlardan istifadə edilə bilər. Ümumiyyətlə, binanın müəyyən kommunikasiyalarının həmin sistemə qoşulması üçün bir çox dövlət orqanları birgə fəaliyyət göstərməlidir və ən əsası, bununla bağlı qanunvericilik bazası hazırlanmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bərpa olunan enerjiyə keçid enerji dayanaqlılığı strategiyasının tərkib hissəsidir. Ekoloji baxımdan bu daha məqsədəuyğundur”.
Günel CƏLİLOVA