Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda da bu gün qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkmişlərin qorunması və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlər keçirilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların məişət zorakılığı ilə bağlı müraciətlərini qəbul edir, zərərçəkmişlər üçün sığınacaqlar və dəstək mexanizmləri fəaliyyət göstərir.
Bəs, zorakılıqla bağlı ölkəmizdə statistika necədir və mübarizə məqsədi ilə hansı tədbirlər həyata keçirilir?
Mövzu ilə bağlı Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş mütəxəssisi Rahil Süleymanzadə açıqlamasında bildirib ki, hər il məişət zorakılığı ilə bağlı təxminən 600-ə yaxın müraciət daxil olur.
"Komitə tərəfindən müraciətlərə baxılır, daxil olan hər bir müraciət nəzarətə götürülür və müraciət edənlərə dəstək olmaq üçün dövlət orqanları arasında əlaqələndirmə tədbirləri həyata keçirilir.
Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 10 ayı ərzində 474 müraciət daxil olub. Ən çox müraciət Oktyabr ayında qeydə alınıb. Belə ki, ötən ay məişət zorakılığı ilə bağlı Komitəyə 72 müraciət daxil olub. Bu müraciətlərin 459-u qadınlar tərəfindən edilib.
Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub", - o əlavə edib.