Həyat yoldaşı Vera Safonova : “Bəlkə də Azərbaycanda kimsə...”
General-mayor Vladislav Safonov vəfat edib. Bu barədə baki-xeber.com-a V.Safonovun Bakıdakı dostları məlumat verib, eyni zamanda onun həyat yoldaşı Vera Safanovanın da Azərbaycana bir mesajını çatdırıb.
“Vladislav Nikolayeviç Safonov vəfat etdi. Bəlkə də Azərbaycanda kimsə onun haqqında xoş sözlər deyər”-deyə V.Safonovanın mesajında qeyd edilir.
Qeyd edək ki, general-mayor, hərb elmləri namizədi Vladislav Safonov Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi rayonunun və ona bitişik rayonlarının komendantı, SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Şimali Qafqaz və Zaqafqaziya üzrə İdarəsinin rəis müavini (may 1988-dekab 1990) vəzifəsində işləyib. Vəzifə borcuna sədaqətinə, cəsarətinə və prinsipiallığına görə çoxları Safonovu “Dəmir general” adlandırdı.
Azərbaycan mediasında yayılan məlumata görə, 1988-1990-cı illərdə V.Safonov Qarabağın azərbaycanlı əhalisinin və Azərbaycan torpaqlarının erməni işğalından qorunmasına böyük töhfə verib, həmin illərdə əsasən onun prinsipial mövqeyi sayəsində Qarabağda nisbi sabitliyi təmin etmək mümkün olub.
2020-ci ilin noyabrında Azərbaycan mətbuatına müsahibəsində V.Safonov “Azərbaycan Ordusu tərəfindən Şuşanın böyük dağıntılara yol verilmədən, mədəniyyət abidələri qorunub saxlanılmaqla qaytarılmasını Azərbaycan Silahlı Qüvvələrinin unikal əməliyyatı hesab edirəm. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tamamilə iflic edildi”-deyə Azərbaycanın qələbəsinə dəstəyini ifadə edib.
İradə SARIYEVA