Adil Qeybulla: “İcbari tibbi sığorta ilə müalicə olunan xəstələrin dərmanları qısa dövr üçün ambulator müalicəyə daxil edilməlidir”
Azərbaycanın səhiyyə sistemində vacib məsələ yenidən gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin ötən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ən mürəkkəb və yüksək maddiyyat tələb edən müayinə və müalicə üsulları Tibbi Sığorta ilə qarşılanır:
“Ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının İcbari Tibbi Sığorta ilə qarşılanmalıdır. Milli Məclis bu məsələ ilə bağlı “Tibbi Sığorta haqqında” Qanuna müvafiq dəyişikliklər edib. İnanıram ki, xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti illərdə həllini tapacaq”.
Ambulator müalicə alan xəstələrin dərman tələbatının tibbi sığorta ilə qarşılanması təklifi təqdirəlayiqdir.
“Dərman preparatları ilə bağlı konkret olaraq bir siyahı olmalıdır ki, bunlar da icbari tibbi sığorta paketinə daxil olsun və vətəndaşlar da bundan xəbərdar olsun”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açılamasında qeyd etdi ki, İcbari Tibbi Sığortanın xərclərinin azaldılması bəzi sahələrə yenidən baxılmasını tələb edir. Bu, xüsusilə təxirəsalınmaz yardım və doğuşu əhatə etməlidir. Bu elə bir sahədir ki, istənilən insanın başına gələ bilər. Təxirəsalınmaz xəstələr üçün ayrıca qaydalar olmalıdır. Yəni planlı xəstələrdən fərqli olaraq, onlar üçün xidmətlər sığortanın içərisində olmalıdır. İcbari tibbi sığorta ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə edir. Burada artıq vətəndaşın imkanı nəzərə alınmalıdır. Çünki təxirəsalınmaz yardıma hər kəsin ehtiyacı ola bilər. Bu baxımdan sığorta burada hər şeyi əhatə etməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, icbari tibbi sığorta ilə müalicə olunan xəstələrin dərmanları qısa dövr üçün ambulator müalicəyə daxil edilməlidir: “Dərman preparatları ilə bağlı konkret olaraq bir siyahı olmalıdır ki, bunlar da icbari tibbi sığorta paketinə daxil olsun və vətəndaşlar da bundan xəbərdar olsun".
Günel CƏLİLOVA