Kamran Məmmədli: “Narkotik qaçaqmalçıları narkotikin daşınması üçün ən müxtəlif variantlara əl atırlar”
Xəbər verildiyi kimi, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib: “Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib. Aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır”.
Qeyd edildiyi kimi, 90 milyon ABŞ dolları dəyərində olan narkotik İran gömrüyündən rahat şəkildə çıxıb və Azərbaycan gömrük işçiləri həmin narkotiki aşkar edərək, dövriyyədən çıxarıb. Bu hadisə onu göstərir ki, İran hakimiyyət dairələri qanunsuz narkotik dövriyyəsini gömrük vasitəsilə həyata keçirmək istəyir.
“İran gömrüyü həmin məhsulun rahat şəkildə ölkədən çıxışını təmin edir, məqsəd digər ölkələrin vətəndaşlarını zəhərləmək, həyatlarını məhv etməkdir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, narkotik qaçaqmalçıları narkotikin daşınması üçün ən müxtəlif variantlara əl atırlar: “Azərbaycan gömrük işçilərinin peşəkar səyi nəticəsində zamanla İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alınıb. Bəli, İran gömrüyü həmin məhsulun rahat şəkildə ölkədən çıxışını təmin edir, məqsəd digər ölkələrin vətəndaşlarını zəhərləmək, həyatlarını məhv etməkdir. Onlar planlı şəkildə bunu edir. Məlumdur ki, Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan edir”.
Günel CƏLİLOVA