"Dövlət hesabına təhsil alan, yəni bu kateqoriyaya aid tələbələrin sayının artırılması mühüm addımdır. Düşünürəm ki, ali təhsildə bu, müsbət bir dinamikanın başlanğıcı olacaq. Doğrudur, həssas qrupa daxil olan şəxslər — Qarabağ qaziləri, şəhid ailələrinin övladları, eləcə də yüksək nəticə göstərərək dövlət sifarişi əsasında qəbul olunan tələbələr artıq təhsil haqqından azaddırlar. Lakin ümumilikdə bu kateqoriyaya daxil olan tələbələrin sayının artırılması təhsilin həm dayanıqlılığını, həm də əlçatanlığını təmin edəcək".
Bunu "Bakı-Xəbər"-ə açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. O, bildirib ki, bir çox tələbələr təhsil haqlarını ödəyə bilmədikləri üçün universiteti yarımçıq tərk edirlər: "Bu baxımdan, Tələbə Kredit Fondunun fəaliyyəti xüsusi önəm daşıyır. Burada tələbələr üçün aşağı faizli, uzunmüddətli kreditlər, həmçinin yüksək nəticə göstərənlər üçün geri qaytarılmayan maliyyə dəstəyi mexanizmi yaradılıb. Bu, dünya təcrübəsində nadir hallarda rast gəlinən müsbət bir təcrübədir".
Ekspert bildirib ki, əsas məsələ odur ki, ali təhsil müəssisələri də dövlətin həyata keçirdiyi bu uğurlu siyasətə adekvat şəkildə reaksiya versin və təhsilin keyfiyyətini yüksəltsinlər.
Röyalə Xəyal