Kamran Məmmədli: “Səhiyyə xərcinin artması xidmətin keyfiyyətinə təsir etməlidir”
“2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur. Səhiyyə sahəsində dövlət proqramları və tədbirlər icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək”.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur.
Qeyd edildiyi kimi, gələn ildən səhiyyə xərclərinə ayrılacaq vəsait 40 faiz artacaq. Danılmaz faktdır ki, bu gün qeyd edilən sahədə yetərincə problemlər var. Xəstəxanalarda avadanlıq çatışmazlığı, kadr problemi, düzgün müalicə və müayinənin aparılmaması kimi problemlər mövcuddur.
Maraqlıdır, səhiyyə xərclərinin artması ilə bu sistemdə nələrə nail olmaq mümkün olacaq?
“Səhiyyə xərclərinin 40 faiz artması böyük dinamika sayılır və birbaşa olaraq bir neçə sahədə təsir göstərəcək”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, səhiyyənin maliyyə mexanizminin strukturunun və funksiyalarının dərindən öyrənilməsinə ehtiyac var: “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçirilməkdədir. Ümumiyyətlə, səhiyyə xərclərinin 40 faiz artması böyük dinamika sayılır və birbaşa olaraq bir neçə sahədə təsir göstərəcək. Onkologiya ilə bağlı müxtəlif tədbirlər üzrə 118 milyon manat vəsait nəzərdə tutulub. Bu olduqca yaxşı haldır.
Səhiyyə xərcinin artması xidmətin keyfiyyətinə təsir etməlidir. Daha yaxşı tibbi avadanlıqlar alınmalı, müalicə prosesləri dəqiq olmalı, həkim və tibb işçilərinin maaşları artmalı, kadr problemi olmamalıdır. Ən əsası, regionlarda xidmət əlçatanlığı artmalıdır. Əhali yüksək tibbi xidmət üçün özəl xəstəxanalara üz tutmamalıdır. Bu kimi məsələlər həll olunarsa səhiyyə sahəsində inkişafdan danışmaq olar”.
Günel CƏLİLOVA