Əqli Mülkiyyət Agentliyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası ilə birgə 27 Sentyabr – Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirdi.
Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etdilər və onların ailələrinə dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Redaksiyanın baş redaktoru Nəzakət Məmmədova nəşrin hazırlanma məqsədi, şəhidlərin əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasında bu kimi layihələrin əhəmiyyətindən danışaraq, onların qəhrəmanlığının dövlətçilik ənənələrinin möhkəmlənməsində böyük rol oynadığını vurğuladı.
Daha sonra Əqli Mülkiyyət Agentliyinin direktoru və müavinləri çıxış edərək, 27 Sentyabr – Anım Gününün dövlətimiz və xalqımız üçün xüsusi önəm daşıdığını qeyd etdilər. Onlar şəhidlərin həyat yolunun və qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlı üçün örnək olduğunu, bu kimi nəşrlərin isə gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Tədbirdə vurğulandı ki, Vətən müharibəsində canlarını fəda edən qəhrəmanların xatirəsi daim qəlblərdə yaşayacaq, onların döyüş yolunu əks etdirən hər bir kitab isə milli yaddaşımızın zənginləşməsinə xidmət edəcək.
Əqli Mülkiyyət Agentliyi bu kimi tədbirlərlə milli yaddaşın qorunmasına, gənc nəsildə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur.
ZÜMRÜD