Fərid Həşimov: “Ombusdman Aparatının keçirdiyi monitorinq yaxşı nəticələrə səbəb olar və bu işdə əli olanlar sərt şəkildə cəzalandırılmalıdır”
Son zamanlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidməti ilə bağlı yeni qayda tətbiq olunub. Aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir. Bu isə ictimaiyyət arasında narazılığa səbəb olurdu. Məlum vəziyyətlə bağlı Ombudsman Aparatı monitorinq aparıb.
Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidməti göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur: “Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir”.
Qeyd edildiyi kimi, bir aydan çoxdur ki, bu sahədə problem yaşanır, vətəndaşlara maddi ziyan vurulur. Maraqlıdır, məlum vəziyyətin hüquqi və maddi məsuliyyətini kimi daşımalıdır?
“Hava limanında aparılan monitorinq sərnişinlərin seçim azadlığının və sürücülərin sahibkarlıq hüquqlarının müdafiəsi baxımından çox önəmlidir”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ombudsmanın bu məsələdə çıxış etməsi təqdirəlayiq addımdır. Bu, həm sərnişinlərin seçim azadlığının, həm də sürücülərin sahibkarlıq hüquqlarının müdafiəsi baxımından çox önəmli bir mövqedir: “Məlumdur ki, bir aydır, aeroportdan şəhərə gəliş üçün taksi qiyməti 2,5-3 dəfə bahalaşıb. Əvvəllər 8-10 manat olan gediş haqları indi 25-30 manat və daha artıq olub. Bu isə insanları maddi cəhətdən sıxmaq deməkdir. Hava limanında yalnız bir taksi şirkətinin xidmət göstərməsi düzgün deyil. Müxtəlif şirkətlər fəaliyyət göstərməlidir, bazarda rəqabət olmalıdır. Məlum məsələ bununla bitməməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə bağlı araşdırma aparmalıdır və qanun pozuntusunu üzə çıxarmalıdır. Ümumiyyətlə, Ombusdman Aparatının keçirdiyi monitorinq yaxşı nəticələrə səbəb olar və bu işdə əli olanlar sərt şəkildə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA