07/02/2023 03:08
728 x 90

Sadə bir məhəbbət nağılı və ya məhəbbətə yeni yanaşmalar

img

Əziz oxucu! Hazırda qalmaqallar dünyasına çevrilən planetimizdə, bilmirəm nədənsə bu hekayəni yazmaq arzusuna düşdüm. Qısa bir yazı yazmaq istəyirdim, lakin mən qələmimin mirzəsi olduğumdan yazı bir az uzun alındı. Ətrafda kiminin inqilab, kiminin dünyanın yeni düzümü, kiminin kataklizm, kiminin öz hakimiyyətini l a a a p uzatmaq üçün yaranan imkan dövrü hesab etdiyi bir zamanda mən məhəbbət haqqında sadə dillə təqdim olunan bu yazını yazdım.

İndi ətrafda hər şey elə sürətlə, elə amansızcasına dəyişir ki, baş verənləri anlamaq gücündən kənarda qalırsan. Müasir sivilizasiyaların indiki insanların arasında baş verən bu vəhşiliklərin, qırğınların, qəddarlığın qarşısını almaq iqtidarı yoxdur. Elmin indiki inkişafında insanların arasında baş verən bu qaniçənliyin, amansızlığın qarşısını almaq yollarını tapmaq potensialı yoxdur. Hesab edirəm ki, bəşəriyyətin qarşısında yaranan bu həm uluslararası problemlər, həm ancaq allaha məxsus olan torpağı özünkü hesab edən “ağıllı” nadanların torpaq davası, dünyanın var-dövlətini müxtəlif valyutalara çevirənlərin, çirkli pulları yumaqla ofşor (offshore) banklara yerləşdirənlərin, yalanı, yaltaqlığı, satqınlığı özünə peşə edənlərin, bəşəriyyəti məhv etmək üçün nüvə silahlarını hazırlayanların, insanları məhv etmək üçün dəhşətli xəstəlik törədən mikrobları yaradanların qarşısını almaq üçün bəşəriyyət müasir sivilizasiyaları, dostluq və sülh yarada biləcək elmləri yaxşılığa doğru dəyişməlidir. Bəşəriyyət və cəmiyyət qansız yaşaya bilməz!!! Lakin ən az qanla, bu qədər sonsuz miqdarda tökülən qanların qarşısını ala biləcək dahilərin, qəhrəmanların yolunu gözləyirik.

Gəlin Allaha min dəfə dua edək ki, axırıncı peyğəmbər məsələsinə yenidən baxıb, insanları xilas edəcək nəhəngləri bəşəriyyətin köməyinə göndərsin!!!

Şairin dili ilə deyirəm:

Xudaya insanın halı yamandır,

Nələr çəkdiyimiz sənə əyandır.

Mənası varmıdır min təriqətin,

Aç-aç qapısını sən həqiqətin

Yazıqdır dünyanın cövhəri insan,

Böyüksən, adilsən keç günahından.

Əgər ömür ömür olsa, dediyim bəlaların haqqında ayrı-ayrılıqda yazacağam. Indi isə əziz oxucu, sadə və anlaşıqlı bir dildə yazdığım bu yazını sizin mühakimənizə verirəm. Bu məhəbbət sizin fikirləşdiyiniz kimi mənim başıma gəlməyib, sadəcə olaraq, yazarın təxəyyülünün məhsuludur. Tanrı bəşəriyyətə və xalqımıza yar olsun!

Məhəbbət xatirələri, məhəbbət təranələri, bütövlükdə məhəbbət özü nədir? İnsanın məhəbbəti ən ülvi və ən yüksək, zərif təravətli, xoşa gələn hisslərdir. İkinci siqnal sisteminə məxsus hisslər. Yəni ancaq insana məxsus fikirlər. Siz nə danışırsınız? Kim deyir məhəbbət ancaq insanlara məxsusdur? Bütün canlı sistemlər: bitkilər, heyvanlar aləmi məhəbbət daşıyıcılarıdır. Bitki aləminin, bitki və heyvanlar aləminin qarşılıqlı məhəbbəti, dağların, daşların, qayaların, bulaqların, çayların bir-birinə məhəbbəti necə gözəldir, həmahəngdir.

Sən məni diskusiyaya çəkmə! Deyirsən ki, ən ülvi məhəbbət ilahi məhəbbətdir. Sonra qalan məhəbbət növlərini sıralayırsan. Sən insan düşüncəsinin azaldığını taptalayırsan. Bu azadlığı mənə Allah verib, sən hansı ixtiyarla mənim haqqıma girirsən.

Hardan gəldi mənim beynimə bu fikirlər, dünyanın bu qarışıq vaxtında. Oturmuşdum yazı masasının arxasında. Bu anda çoxdan tanıdığım bir dostumun özününmü yoxsa, yaxından tanıdığı bir kişinin məhəbbəti haqqında danışdığını xatırladım. O, belə söyləyirdi: institutu təzəcə bitirən cavan oğlan təyinatla bir rayona işləməyə gəlmişdi. O zaman təyinat var idi, təhsilin sonunda. Cəhənnəm olsun bütün təyinatlar. İnsanın təhsil illərindən sonra təyinatla işləməyə başladığı dövrün, ömrün digər çağlarından fərqlənən özəllikləri vardır. Əgər sən təhsil illərində özünə bir məhəbbət daşıyıcısını – “Məcnunun gözü ilə baxdığın Leylanı” tapmamısansa, sonrakı illərdə məhəbbət məsələsi bir az mürəkkəbləşir, yanaşmalar dəyişir. Həm də dünyanın gedişinə dair problemlərlə daha çox tanışlıq, informasiyalarla dop-dolu olan bu dünyaya baxışların dəyişməsi, insanın hər şeyi bəyənməməsi, özünəgüvənmə hallarının artması baş verir. Haqqında danışdığımız Tural adlı bu cavan oğlan təyinat yerində, rayonda aldığı əmək haqqı ilə babat dolanırdı. Bəllidir ki, subay və öz görkəminə görə diqqəti cəlb edən bu cavan ətrafında özünə  maraq yarada bilmişdi, özəlliklə, yeniyetmə qızların arasında.

Öz mühəndislik fəaliyyəti ilə birlikdə o fəlsəfi kitablara, dünya və Azərbaycan klassiklərinin əsərlərinə nəzər salırdı, boş vaxtında. Füzulinin “Leyli və Məcnunu”, Dantenin “İlahi komediya” kitabını təkrar-təkrar oxuyurdu. Aman Tanrı, Məhəmməd Füzuli nə gözəl demişdir: “Eyb tutmağı hünər sayma! Şeirimə paxıllıq etməyi şüar eləmə! Bihudə hücum etdiyin yetər, əgər bacarırsansa cavab söylə! Hücumu və tərsliyi tərk elə, çünki bu yol cahillik yoludur. Həmişə xeyir söz danış, əgər xeyir demirsənsə, sus, lal ol”.

Bizim qəhrəmanımız Tural bəy bu qayda ilə yaşayırdı. O, burada uzun müddət yaşamaq niyyətində deyildi. Təyinat zamanını başa vurmaq, sonra Sovetlər Birliyinin böyük şəhərlərindən birinə getmək və orada özünə karyera, nüfuz qazanmaq, şərait yaratmaq yolu ilə hərəkət etmək, gələcəyinin strategiyasını belə qəbul etmişdi. Burada sevgi və məhəbbət haqqında hər hansı düşüncəyə malik deyildi, ağlına belə gətirmirdi ki, həyatını burada qursun. Elə düşünürdü ki, bu ciddi həyat məsələsi haqqında, ancaq harada işləmək və daim yaşamaq qərarı olandan sonra düşünmək olar.

Turalın işlədiyi bu yerdə onun atasının yaxın dostu, daha doğrusu uzaq-uzaq qohumu yaşayırdı. Bir gün telefonla danışdığı zamanı ona bu qohumla (onun adı Adil idi) görüşməyi məsləhət etdi. Tural bundan sonra bu qohumları ilə görüşüb tanış oldu. Daha sonra vaxtaşırı onların evinə gedib gəlirdi. Yavaş-yavaş qohumlarının ailəsi ilə tanışlıq yaranırdı. Bəlli oldu ki, onların bir qızı orta məktəbin axırıncı sinfində oxuyur. Adı Günel olan bu qız çox şən və hazırcavab idi. Yaxşı oxuyurdu, məktəbin əlaçı şagirdlərindən biri, bəlkə də birincisi idi.

Tural orta məktəbi qızıl medalla, institutu fərqlənmə diplomu ilə bitirmişdi. Texniki sənət sahibi – mühəndis olduğu üçün təbiətşünaslıq fənnlərini (bütövlükdə təbiət fənnlərini) əla bilirdi. Bununla yanaşı ədəbiyyat və azərbaycan dili fənnlərini də yaxşı mənimsədiyinə və zatən meyilli olduğuna görə bu sahədə kiməsə (hər hansı abituriyentə ) kömək etmək potensialına malik idi.

O dövrdə sosial münasibət, əxlaq, dinə qarşı münasibətlər indikindən xeyli dərəcədə fərqli idi. İstər tanışlıq, istərsə də məhəbbət məsələlərinə yanaşma prinsipləri başqa idi. Turalın gələcək ailə məsələsi və ya qaçılmaz məhəbbətə tuş olmaq sevdası heç ağlına belə gətirmirdi. Günellə onun yaşlarının yaxın olması da bu tanışlığın sonrakı inkişafı üçün bir zəmin yaradırdı. Tural orta məktəbə yaşından bir il əvvəl getmişdi. Xanım isə hansı səbəbdənsə məktəbə gec getmişdi. Günel çoxuşaqlı ailənin üzvü idi.

Sovetlər Birliyində rayon mərkəzində yaşayan çoxuşaqlı ailənin dolanması çox çətinliklə başa gəlirdi. Buna baxmayaraq ailənin üzvləri bütövlükdə nisbətən açıq və düzgün dünyagörüşə malik idi. Günel isə öz şuxluğuna, cəsarətliliyinə və yüksək dünyagörüşünə görə daha üstün yer tuturdu. Cavanlıq enerjisi, sağlam düşüncə, üstəlik idmançı görünüşü bu xanımı başqalarından fərqləndirirdi.

Boş vaxtlarında bu təzə tanışın evinə gedən Tural Günelin hansı sənət sahəsinə həvəsi olduğunu, hansı instituta daxil olmaq arzusunda olduğunu öyrənmək istəyirdi. Onu da demək istəyirəm ki, bu gənc oğlan yaşıllığı, təbiətin gözəlliyini çox sevirdi. İnsanların da ağlına, təfəkkürünə, mədəniyyətinə yüksək dəyər verirdi. Özündən razı, yekəxana, şöhrətsevən adamlardan xoşu gəlmirdi. Bunlarla yanaşı, qızların gözəlliyinə, bütövlükdə gözəlliyə laqeyid qalmırdı, maraqla seyr edirdi. Təbiidir ki, həyatında bəyəndiyi, meyilli olduğu qızlar da olmuşdu. Nədənsə bu məsələyə ciddi fikir verməmişdi və ya yaddaşında dərin iz buraxan əhvalat olmamışdı.

Tural hesab edirdi ki, ən ülvi, ən böyük, ən möhtəşəm məhəbbət Allaha olan məhəbbət – ilahi məhəbbətdir. Bəlkə elə ona görə ulu Tanrı məhəbbət əhlinin (əhli məhəbbət demirəm haa) zərif sözəbaxan, komfortabelli olmasını daha üstün bilmişdir.

Deyəsən mən (müəllif) öz zarafatabənzər fikirlərim ilə məqsəddən (expediency) uzaqlaşdım.

Tural axşamlar evdə tək olurdu. Demək olar ki, zamanının çoxunu o təklikdə keçirirdi. Bildiyimiz  kimi belə hallarda insanın duyğuları kövrəkləşir, nə üçünsə darıxır, nə isə axtarır (ancaq qəlbində). Gündüzlər bayır paltarı geyinib çıxdığın kimi, psixoloji maskanı, mübarizə sifətini taxıb fəaliyyətə başlayırsan. Çoxları yalan və yaltaqlıq maskasını taxır sifətinə. Tural da bu anlarda kimləsə, onu başa düşəcək, anlayacaq bir insanla görüşmək, qonuşmaq istəyirdi. Bəzən bu romantik anlarda ondan güclü görünmək həvəsi yaranırdı. Lakin ötəri hisslər qısa bir zaman kəsiyindən sonra yox olurdu, kosmosa (bəlkə də ruhlar dünyasına) çəkilirdi. Bir gün o qəsəbənin bir küçəsində təsadüfən Günellə rastlaşdı. Nə xoş təsadüf anlamı ildırım sürəti ilə beynindən keçdi. Sonra onlar yaxınlaşıb hal-əhval tutdular. Təhtəl-şüur olaraq insanların seyrək olduğu istiqamətdə yavaş-yavaş yürüməyə başladılar.

Söhbətin başlanğıcı əlbəttə təhsil haqqında və Günelin hansı ixtisası seçdiyi və ya sonra seçəcəyi barədə qısa informasiya ilə başladı. Eləcə də, Günelin imtahanlara necə hazırlaşması barəsində danışdılar. Bu söhbət zamanı, Tural elə bil ki, Güneldə yeni fikirlərin, müasir yanaşmanın, çoxlarına yad olan dünyagörüşün əlamətlərini hiss etməyə başladı. Beləcə şirin söhbət edə-edə qəsəbənin kənarında olan parka yaxınlaşdılar. Yol uzunu edilən söhbətdə Günelin seçdiyi ixtisas üzrə hansı fənnlərdən imtahan veriləcəyi aydınlaşdırıldı. Belə məlum oldu ki, həmin fənnlərdən Turalın başı yaxşı çıxır və bu hər ikisinin ürəyindən oldu. Bəlli oldu ki, Günel biologiya fakültəsinə daxil olmaq istəyir. Tibb sənəti ürəyinə çox yatırdı, lakin xəstələrə və həyati bitmiş insan cəsədinə toxunmaqdan necə qorxduğunu təsəvvür etmək belə çətin idi. Eybi yoxdur, biologiyada da elə tibbin özüdür deyə, özünə təsəlli verirdi. Elə bil hansı bir ilahi qüvvənin təsirindən bunların arasında söhbət çox cazibəli və xoşrəftar oldu. Söhbətin gedişində Tural onun cazibədar sifətinə və simmetrik bədən quruluşuna diqqət yetirirdi. O, düşünürdü ki, nədən bu xanımı belə diqqətlə seyr etmək istəyir. İri və nüfuzlu qara gözlər, uzun kipriklərlə əhatə olunmuşdu. Təzə doğulmuş aypara kimi qalın qaşlar enli alınla necə həmahəng görünürdü. Gözəlliyin də musiqi kimi notları var. Möcüzəli şəkildə sıraya düzülüb, nizamla yaşayır. Təbiətin rənga-rənkliyi necə parlaq şəkildə bərqərar olur. Gördüyü bu mənzərədən, aralarında gedən şirin söhbətdən Tural özünü başqa bir aləmə düşmüş kimi hiss edirdi.

Məhəbbətə yanaşmalar müxtəlif cür olur. Şərq aləmində bu məsələlər spesifik xüsusiyyətlərə malikdir. Bu aləmdə ilk məhəbbət (istərsə də son məhəbbət) şairlər və digər yazarların yaradıcılığında başqa cür verilir. Burada oğlanlar (kişilər) bir tərəf kimi yazıq (yalvaran) surətində görünür. Ona görə də istər mahnılarda, istər də digər musiqi formalarında aşiqin səsi daha yazıq formada araya gəlir. Bu yazıqlıq Osmanlı türkiyəsinin musiqisində və İran muğamlarında daha çox hiss olunur. Azərbayacan muğamı daha oynaq, daha mübarizdir. Azərbaycanın bəzi bölgələrində aşıqların belə qəmgin havalarda harmoniyanı pozaraq xarici səs ve yersiz qəmli notlara – ağır musiqiyə yer verdikləri görünür.

Şeirlərdə, bayatılarda və digər folklor növlərində bu qəmgin aşiq obrazı çox qəribə görünür. Məsələn, Azərbaycan – Türk dünyasının əvəzsiz giqantı M. Füzulinin məhəbbət haqqındakı fikirləri normal yanaşmada qəribə görünür. Görün dahi şairin məhəbbətə münasibəti necədir: “Getdikcə nigarımın gözəlliyini artır, gəldikcə məni onun dərdinə daha betər mübtəla elə! Mən hara mənsəb-hörmət cəhdi hara. Məni yoxsulluq və yoxluq səadətinə çatdır. Hicrində bədənimi elə zəiflət ki, səba məni götürüb onun vəslinə yetirə bilsin”.

Zamanın tələbinə görə hamının və mənim (müəllifin) düşüncəmə görə bu istək belə olmalı idi: “Ya Rəbb, mənim gözəlliyimi artır, mənə var-dövlət qazanmağa imkan yarat, mənim ürəyimə təpər ver ki, çətinliklərlə layiqli mübarizə aparım, şərə qalib gəlim, qətiyyət ver ki, həmişə mübariz olum, bütün bunlara görə məni daha çox sevsinlər, yazıqları gəlməsin.”

Bizim nəhəng şairimiz Şəhriyar sevən oğlanı hansı obrazda görür və deyir: “Səni bir görmək üçün illərcə donquz otarıb məbədi - tərsayə gəlim! Məscidi buraxıb sənlə kəlisayə gəlim” və s.

Əziz oxucu! Görürəm, hiss edirəm, mənim fikrimə gülürsən, etiraz edirsən, qəzəblənirsən. Özün bilərsən! Amma mən hesab edirəm ki, hər şeydə, hər məsələdə , hətta aşiq-məşüq məsələsində belə Allahın bizə verdiyi fundamental hüququ qorumaq lazımdır. Yoxsa ədalət pozular, haqq öz yerini qoruya bilməz.

Görün, fərqli olaraq, Molla Pənah Vaqif necə gözəl sevdalaşma aparır, məhəbbət bazarında:

Əgər yarsan, gəl sarmaşaq qol-boyun

Durub daldalandan baxmağın nədir.

Yar deyilsən ayağın çək geri dur,

Canımı odlara yaxmağın nədir.

Nüsrət Kəsəmənli də sevən oğlanlara (kişilərə) məhəbbət məsələlərində özünü qorumağı və alçaltmamağı tövsiyə edirdi.

Xalq şairi adını ala bilməyən, amma xalqının şairi “Əcaib” ləqəbli Qiyas Vəkilov görün məhəbbət tamaşalarında qarşılaşdığı tərəfə (tərəfimuqabil yox) necə müraciət edir:

Sevdalı qəlbinə açaram təzə,

Bir sənsən dərdimə, a çaram, təzə

Saralmış bir güləm, açaram təzə,

Üzündən üzümə düşsə nəm incə.

Bütövlükdə, təbiətdə hər şey harmoniya əsasında qurulmuşdur. Ondan kənara çıxmaq “xaric” adlanır. Bu qızın sifəti necə ağdır, yanaqları necə qırmızıdır, saçları necə qaradır, qaşların düzülüşü və rəngi saçlarıyla həmahəng idi. Uzun qoşa hörüklərdə toplanmış bu saçları təkcə zil qara rəngi ilə seçilmirdi. Burada qara rəngin içərisində parlaqlığı ilə seçilən, bərq vuran rənglər təbiətin möcüzəli kompozisiyası kimi görünürdü.

Bütün danışıqlarda, fəlsəfi kateqoriyalarda, insan təfəkküründə təzadların ən geniş yayılmış misalı kimi meydana çıxan “ağ” və “qara” konsepsiyası bu qızın simasında necə uyğunlaşmışdı, dost olmuşdu, deyə düşünürdü, Tural. Həmişə düşüncəsində asimmetriya haqqında fikirləşən cavan oğlan Günelin timsalında bu həmahənglik, bir-birini tamamlayan çalarlar, fövqəlgözəllik içində, assimmetriyanın əlamətlərini tapa bilmirdi. Günelin bədən quruluşu da, simasının gözəlliyini, həmahəngliyini təkrar etdiyini müşahidə edirdi Tural.

Yaxşı sima, gözəl səs, ayrı-ayrı olanda belə, insanı özünə cəlb edir. Bunların birlikdə olması fərdə ən üstün gözəllik verir. Tural hiss edirdi ki, Günelin səsi, sözlərin ifadə tərzi, necə də gözəldir. Danışığında heç bir ləhcə hiss olunmayan bu xanım, azərbaycan-türk ləhcəsində necə gözəl danışırdı. Bu dilin incəlikləri onun danışığında necə gözəl şəkildə meydana çıxırdı. Kim bilir, bəlkə də Turala belə gəlirdi.

O həm də hiss edirdi ki, Günel yüksək yumor hissinə malik, qətiyyətli bir xanım təəssüratı yaradır.

Söhbətlərindən bəlli oldu ki, Günel ədəbiyyatı çox sevir, demək olar ki, dünya, azərbaycan klassiklərinin və cavan şairlərin əsərlərini oxumuşdur. Ancaq ali təhsilini biologiya ixtisası üzrə davam etdirmək istəyir. Sonda belə qərara gəldilər ki, Tural vaxtaşırı ona kömək etmək üçün onlara gəlsin. Beləcə şirin söhbətdən sonra ayrıldılar. Bir müddət Tural həftədə bir, bəzən iki dəfə müəyyən zaman kəsiyində onlara gəlirdi və imtahana düşən bütün fənnlər üzrə məşğul olurdular. Hər ikisi dərs məşğuliyyəti gününü səbirsizliklə gözləyirdilər ki, yenidən görüşsünlər.

Müəyyən müddət keçdikdən sonra Güneldə nəzərə çarpacaq dərəcədə dəyişikliklər əmələ gəlmişdi. (Elə bil onun gözəlliyində də cilalanma baş vermişdi) Daha həvəslə oxuyurdu.Turala gəldikdə isə, artıq ali savadlı, müəyyən dərəcədə formalaşmış olsa da onda da dəyişikliklər hiss olunurdu. Ədəbiyyat dərsinin məşqi zamanı qız şeirlər haqqında dəftərinə yazmışdı: “O, şeirləri elə sadəliklə zümzümə edirdi ki, mən onunla qətiyyən müqaisəyə gəlmirdim. Mən hər hansı şeri təzəcə söyləməyə başlarkən, o həmin şeri oxuyanda dayanıb heyrətlə ona qulaq asıram”. Tural belə düşünürdü: “Bəzən elə olur ki, tarix bizim qulağımıza incə səslə deyir ki, göz qabağında olmayan az görünən qadınları daha çox seviblər. Məşhur Dante bütün varlığı ilə sevdiyi Beatriça haqqında düz-əməlli bir şey bilmirdi, lakin onu necə sevirdi. Bəs necə? Məgər görmüsünüz “İlahi komediya” əsəri necə yarandı”.

Stendal deyirdi: “Qadınların ilahi gücü onların yoxluğunda, göz qabağında olmamasındadır”. Mənim işim daha çətindir, həmişə onunla kəllə-kəlləyə (frontal attack) gəlirəm - deyə fikirləşirdi Tural. Hələ bütün dünya, özəlliklə, azərbaycanlı yazarlar, Kafkanın məhəbbəti haqqında danışmağı özlərinə şərəf sayırlar. Mən hesab edirəm ki, onun məhəbbəti patoloji haldır, psixi xəstəlikdir. Onu heç yada salmaq lazım deyil! Elə mən də belə fikirləşirəm ( müəllif).

Son zamanlarda Turalın başı həm də ictimai işlərə çox qarışırdı. O dövrdə vəzifə, pul, şöhrət istəyənlər əsasən ictimai işlərlə uğur qazanırdılar (pioner, komsomol, kommunist fəaliyyəti).

Sonuncu həftədə Tural Günelgilə getməmişdi. İş yerində və ictimai işlərdən vaxt tapa bilmədiyi üçün darıxırdı. Turala işdə xəbər verdilər ki, qəsəbə orta məktəbində bir tədbir var və onu da bu tədbirə dəvət ediblər. O, qeyri-ixtiyari olaraq bu işə məmnun oldu. Bu tədbirdə Günellə görüşə bilmək imkanı yaranırdı. O da məlum idi ki, Günel də komsomol xətti ilə bu tədbirdə iştirak edəcəkdi. Onlar tədbirdə aktiv iştirak etdilər, sonra birgə Günelgilə getməyə qərar verdilər. Məktəbdən evə qədər xeyli məsafə var idi. Onlar bu yolu piyada getməyi qərarlaşdırdılar. Söhbət edə-edə yürüyərkən Tural fikir verirdi ki, ilk görüşlərindən sonra Güneldə nə qədər dəyişikliklər baş vermişdir. O xeyli ciddiləşmişdi, daha cazibədar olmuşdu. Danışıq tərzi daha rəvan görünürdü, daha qətiyyətli idi.

Birdən Tural soruşdu:

- Keçən dəfə ədəbiyyatdan biz M. Fizulinin “Leyli və Məcnun” poemasını keçmişdik. İndi sənə belə bir sualım var. Fizulinin Leylisi ilə Nizaminin Leylisi arasında hansı fərqi görürsən? Günel dedi:

- Nizaminin Leylisi daha qətiyyətli və diribaşdır.

Tural başı ilə təsdiq etdi.

Mənim (müəllifin) bu barədə tamam başqa və Əhməd Ağaoğlunun fikri ilə üst-üstə düşən fikirlərim vardır. Onu da qeyd edim ki, o dövrdə bu fikri söyləmək olmazdı (Sovetlər Birliyinin qılıncının dalı da kəsirdi qabağı da).

Şərqdə zamansız və məkansız nəzirə ədəbiyyatının baş alıb getdiyini və bunun ədəbi məfkurəyə həqiqi mənada heç bir yenilik gətirmədiyini vurğulayan Ağaoğlu, hətta ədəbiyyatımızın ən qüdrətli söz ustalarının yaradıcılığının da bu mənada istisna təşkil etmədiyini qeyd edir: “Aralarında bir neçə əsirlik mürür etdiyi halda müxtəlif mühitlərə mənsub şairlər, mühərrirlər eyni mövzunu almış və həyatı deyil, xəyalxanələrində qurmuş olduqları bir eşqi və o eşqi daşıyan tamamən mövhumi və xəyali insanları təsvir edə-edə gəlmişlər. Nizaminin “Leyli və Məcnun”-u ilə Fizulinin “Leyli və Məcnun”-u arasında nə fərq var? Söhbətin bu yöndə getməsində Günelin simasında bir utancaqlıq görünürdü, nədənsə. Sifətində bir allanma görünməklə, o daha gözəl görünməyə başlayırdı.

Başqa fənnlərdən də sorğu sual oldu. Onlar Günelgilin evinə yaxınlaşdılar. Tural vidalaşıb getmək istəyirdi. Günel onu evə dəvət etdi. Bu zaman ev sahibi bayıra çıxdı və təkidlə Turalı evə dəvət etdi. Bir stəkan çay içdilər və bir az söhbət etdikdən sonra Tural getməli oldu.

Evə gələndən sonra hiss etdi ki, bərk yorulmuşdur, yatmaq da istəmirdi. Uşaqlıqdan kofe içməyi sevirdi. Tünd kofe hazırlayıb, iki fincan içdi və uzanaraq fikrə daldı. Dünyada ilk məhəbbətin yayılmış və yazılmış klassik formalarını yaddaşında xatırlamağa çalışdı. Bu paradiqma kontekstində xəyali xatirələr diktafonunu açıb seyr etməyə başladı.

İlk məhəbbətindən çox əzablar çəkmiş, dünyalarca məşhur fizikaçı, Nobel mükafatı laureatı Mariya Skladovskaya bir daha heç kəsi sevməyəcəyinə and içmişdi. O, öz həyat proqramından məhəbbət və ərə getmək planlarını silmişdi. Bu zaman Sorbonnada 35 yaşlı, artıq tanınmış fizik Pyer Küri yaşayırdı. O deyirdi: “Yüksək təfəkkürlü, ağıllı qadınlar çox azdır, onları tapmaq çətindir”. Onlar tanış olmuşdular. Pyer Küri bu gözəl, vətənini sevən, istedadlı qadının qəlbini fəth edə bildi, evləndilər. Sonradan onların hər ikisi Nobel mükafatı aldılar. Pyer Mariya ilə onun vətəninə Polşaya (Varşavaya ) işləməyə gəldi. Ailə dünyanın ən tanınmış, məşhur ailələrindən birinə çevrildi. Pyer sonda bədbəxt bir hadisə nəticəsində həlak oldu. Onların iki qızı var idi. Böyük qızı Iren və onun həyat yoldaşı Frederik Jolio da Nobel mülafatı aldı. Əri öləndən sonra Mariyanın yetmiş yaşlı qayınatası onunla və nəvələri ilə bir evdə yaşadı. Mariya ona ömrünün son günlərinə qədər qulluq etdi. Əsl Şərq nümunəsidir, deyilmi?

Tural fikirləşdi ki, axı bəzi adamlar özlərinin xoşbəxtliyini öz qoçaqlıqları ilə izah edir.

Sağlam düşüncəli bir adam bu səbatsız dünyada nikbin ola bilərmi? Bəlkə də siz özünüzü xoşbəxt sayırsınız, əslində isə, mən sizə deyirəm ki, siz də hamı kimi bədbəxtsiniz. V.Hüqonun “Bəs hardadır səadət” adlı gözəl bir şeiri var. O şeirdən aydin olur ki, insanların ötəri səadəti, əslində, müsibətlərin uzun bir sırasıdır, vur-tut uzun bir sırası:

Biz bu yolu kədərlə adladıqca anladıq:

Beşik necə işıqlı!... Qəbir necə qaranlıq!...

Bəs hardadır səadət, harda? – sordum əlbəəl

- Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!

Bəli, bu səadəti sizə sadəcə olaraq Allah bəxş edib.

Azərbaycanın sevimli şairi B.Vahabzadənin məhəbbətə münasibətini aşağıdakı misralarında görmək olur:

Bütün arzularına zirvə mənəm, son mənəm,

Vüqarı neyləyirsən, sənin vüqarın mənəm.

Əsl Şərq yanaşması, əsl avtoritar, əsl zorakılıq yanaşması. Heç kim istəməz ki, kimsə onun vüqarı olsun, kimsə onun arzularına zirvə olmaq istəyirsə o bunu qəbul etməz.

Şair bilmirdimi əksəriyyət qadınlar, öz namusunu, qeyrətini, şəxsiyyətini təkcə ərinə görə yox, həm də böyüyüb başa çatdığı ailənin və qohumların, nüfuzuna görə qoruyur. Özünü başqasının vüqarı kimi görmək ən azı avtoritarizmdir. Allah hamını bərabər fundemental hüquq səviyyəsində yaradır.

Beləcə uzanaraq xatirələr içində uyuyurdu Tural. Bu nədir, nələr baş verir sakit, qətiyyətli və hər cür dolaşıqlıqdan uzaq bu cavan oğlanın beynində dolaşan bu təlatüm nədən baş verir. Mən deyirəm (müəllif) heç nə baş vermir onun beyinində, kiminsə əsrarəngiz sevgi aləminin qapısını döyməsi nəticəsində meydana çıxan adi bir fizioloji və psixoloji haldan başqa.

Tural öz fəaliyyətini beləcə davam etdirirdi: işə getmək, ictimai işlər, Günelə hazırlaşmaqda kömək etmək və ən əsası məhəbbət. Onların münasibətində yaxınlaşma artmışdı. Məşğələ zamanı onların bir-birinə bağlanması daha da artırdı, hər ikisi də hiss edirdilər ki, artıq bir-birini sevirlər. Günelin şagird yoldaşları (özəlliklə qızlar) onda olan dəyişikləri artıq hiss edirdilər. O, özü də bu dəyişiklikləri gizlətmirdi, zatən gizlətmək iqtidarında deyildi.

Buraxılış siniflərində oxuyan qızlar (onların arasında siniflərin həqiqi mənada gözəl və yaxşı oxuyan qızları) Günelin Turala olan münasibətini başa düşürdülər və bu haqda bir-biri ilə xəlvəti danışırdılar. Deyəsən ailə üzvləri də bunları hiss edirdilər. Adil kişi də bu məsələnin əleyhinə olmazdı. Gələcəkdə onların ailə qurması çox yaxşı olardı.

Yeni il bayramı münasibəti ilə şam ağacı budaqları ilə bəzədilmiş məktəbdə maarif şöbəsinin təşəbbüsü ilə tədbir keçirildi. Turalı da komsomol komitəsindən tədbirə kömək üçün göndərmişdilər. Məktəbli uşaqların iştirakı ilə xırda tamaşalar göstərilirdi. Gunel bu rollarda aktiv iştirak edirdi. Tədbirdən sonra onlar birlikdə Gunelgilə getdilər. Doğrudur onların arasında məhəbbətin açıq şəkildə elan edilməsi baş verməsə də bu mərhələ artıq keçilmişdi. Yolda gələcək həyat barəsində üstüörtülü danışırdılar. Sonrakı dövrlərdə onlar beləcə ya məşq zamanı ya da tədbirlərdə görüşürdülər. May ayının ortalarında bu qəsəbədə gözəl yaz havası gəlmişdi. Hər tərəf yaşıllığa bürünmüş, təbiət bu qəsəbədə özünü bütün gözəllikləri təşkil etməklə, biruzə verirdi.

May ayının ikinci yarısında buraxılış siniflərini yaxında təzə tikilən su elektrik stansiyasına ekskursiyaya aparmışdılar. Bu ekskursiyanın aparılmasını məktəbin fizika müəllimi ilə birlikdə ixtisaslı mühəndis kimi Turala tapşırmışdılar. Stansiya təbiətin ən gözəl bir guşəsində meşə ilə əhatə olunmuş bir yerdə tikilmişdi. Yaxından axan çaydan çəkilmiş kanal ətrafı daha da gözəlləşdirirdi. Yüksəklikdən sürətlə borunun içi ilə aşağı axan və hər şeyi hərəkətə gətirən dağ çayının suyu bu yerin möcüzəsi idi. Suyun axması ilə hərəkətə gələn generator, hərəkət enerjisini elektrik enerjisinə çevirən bu və digər aparatlar haqqında danışan Turala şagirdlər necə diqqətlə qulaq asırdılar. Onlar çoxlu suallar verirdilər. Xüsusən daha cəsarətli olan qızlar, bu incə və gözəl təbiətin qoynunda naz-qəmzə ilə, Güneldə ixtiyarsız qısqanclıq doğuran suallar, verirdilər. Bir məqamda Turalla Günel dəstədən müəyyən məsafədə aralı düşdülər. Bəlkə də onlar bilərəkdən belə etmişdilər. Bütün canlıların həyat ehtirasını hərəkətə gətirən baharın təsirtindənmi, ya ehtiraslı cavanlıq hisslərinin gücündənmi, yoxsa bu gözəl xanıma olan alovlu məhəbbətin təsirindənmi Tural hər şeyi unudaraq dedi: ”Günel mən sənsiz yaşaya bilmərəm”. Günel azacıq utancaq vəziyyətdə: ”Elə mən də Sizsiz” - deyib uzaqlaşdı. Bu anda Turalın yaddaşına şairin dediyi misralar düşdü:

Yer oynar büdrəməz ayağım mənim,

Ürəyim titrəyər, o gül əsəndə.

Poetik dildə necə sərrast deyilmişdir: Yerin titrəməsindən (zəlzələdən) ayağı büdrəməyən igidin ürəyi gül kimi zərif gözəlin baxışlarından titrəyir.

May ayı bitdi, imtahanlar başladı, məktəbdə Günelin valideynlərinə çatdırdılar ki, əla oxuduğuna, əla cavab verdiyinə və ictimai fəaliyyətinə görə ona qızıl medal düşür. Lakin maarif şöbəsinin və nazirliyin tələb etdiyi məbləği ödəmək lazımdır. (Müəllif: elə rüşvətlər həmişə olub, indi də çoxdur). Günelin valideynlərinin pulu olmadığına görə medalları pullu valideynləri olan digər şagirdlərə verdilər. Bundan sonra Günel avqust ayında Bakıda imtahan verib Universitetin biologiya fakültəsinə qəbul olundu.

Qəsəbədə Günelin instituta daxil olması münasibəti ilə ailəsi evlərində qonaqlıq təşkil etdi. Tural dərslərin məşqində ona o qədər effektli kömək etmişdi ki, qəbul imtahanlarının hamısında əla qiymətlər almışdı. Onu böyük məmnunluqla qonaqlığa dəvət etmişdilər. Ailə ona dərin minnətdarlığını bildirdi.

Sentyabrda dərslər başlayanda Günel Bakıya gəldi. Tural onunla əlaqə saxlayırdı, Bakıya gələndə görüşürdülər. Bu görüşlər zamanı Günelin boş vaxtında onlar Dənizkənarı bulvara və ya Dağüstü parka gəzməyə gedirdilər. Görüşlərin birində Nizami kinoteatrında ərəb kinolarının festivalında göstərilən filmlərə baxırdılar. “Sən mənə gözlərimdən əzizsən” filminə baxmışdılar. İki gəncin dərin məhəbbətinə aid bu film onlara çox təsir etmişdi. Günel gurultulu və şən tələbəlik həyatına tez alışmışdı.

Sonra Turalın təhsilinin artırmağına pəncərə yarandı. O, Leninqrada (Sankt-Peterburq) oxumağa getdi. Əlaqələr seyrəkləşirdi. Tural elmi işlərlə çox məşğul olduğundan vaxtı qalmırdı. Qaynar tələbəlik illəri, dərslər fəal ictimaiyətçi olan Günelin vaxtını tamamilə məşğul edirdi. O, qısa vaxtda tələbələrin sevimlisinə çevrilmişdi.

Tələbəliyin sonrakı illərində varlı ailədən olan bir tələbə ondan əl çəkmirdi, həmişə ətrafında fırlanır, hər istəyini yerinə yetirirdi. Şəhərin ən möhtəşəm yerində dəbdəbəli binada mənzilləri vardı bu oğlanın valideyinlərinin.

Yüksək dözüm, nizamlı xidmətlə Günelin rəğbətini qazana bildi hüquqşünas tələbə. Tural sonradan bu işlərdən xəbər tutdu. Baş verənləri sakitliklə qarşıladı. O, başa düşürdü ki, insanın taleyi, onun başına gələnlərin hamısı əvvəldən hazırlanıb. İnsanın əvvəli də, sonu da bəllidir. Atılıb düşməyin nə mənası var.

Zaman öz yolu ilə davam edirdi. Sonra Tural eşitmişdi ki, Günel onunla ailə qurub. Günel orta məktəbdə biologiya müəllimi işləyirdi. Həyat yoldaşı tez rəhmətə getmişdi. Deyilənlərə görə Günel çox müasirləşmiş, geyimində, danışığında, ədasında özünü avropalıya oxşatmağa çalışırmış, avropalılığı qəbul etməyənləri geridə qalmış adlandırırmış. Yaşı 65-ə çatandan sonra qaydaya görə təqaüdə çıxıb, tez-tez xarici ölkələrə turist gəzməyinə gedirdi.

Sovetlər Birliyi dağılmış, Azərbaycan müstəqillik qazanmışdı. Tural öz ixtisası üzrə professor olmuşdu. Bakıda dostları arasında nüfuzlu bir ağsaqqala çevrilmişdi. Bir dəfə uzaq qohumlarının birinin tədbirinə dəvət olunmuşdu. Bu məclisdə çoxdan görmədiyi tanışlarla görüşdü. Birdən nisbətən yaşlı, saçlarını çal şəkildə qarışıq rəngləmiş qadının səsi onu cəlb etdi. Diqqətlə baxarkən tanış siması olan bu qadının kim olduğunu yadına salmaq istədi. Onun danışığına, hərəkətlərinə diqqət edərək anladı ki, bu Güneldir. Tural onu diqqətlə seyr edirdi. Geyimində, danışığında ultra müasirlik var idi. Keçmişin dağlar ceyranı olan bu gözəl xanım necə dəyişilmişdi, yaşından çox qoca görünürdü. Sözlərində, hərəkətlərində bir sünilik görsənirdi. Mədəni xanım obrazında Turalla nəsə danışmağa çalışdı. Amma bu missiya alınmırdı. Təfəkkür, ağıl baxımından dünya standartlarına uyğun olan Tural əmiranə dedi: “Hörmətli xanım, mən eşitmişəm ki, siz qlobal dəyişikliyə məruz qalmısınız, ümid edirəm ki, bu dəyişiklik pozitiv tərəfdəndir. Yoxsa təkcə libası dəyişib, özünü avropalı kimi göstərmək mənasız, məqsədsiz bir şeydir”. Dağılışdılar. Turalın yadına aşıq Şəmşirin şeiri düşdü:

Səni qoca gördüm xəyalım çaşdı,

Mənim saqqalımın çal vədəsində.

Eldar Məmmədbəyli
Kimya elmləri doktoru, professor 

Peşə etikası

Son xəbərlər