2020-ci ilin noyabrında Milli Məclisin “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, 2021-ci ilin yanvar ayının 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, eləcə də ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağandır. Həmin qadağanın qəbul olunmasına baxmayaraq, əksər restoran, dükan və marketlərdə buna əməl edilmədiyinin şahidi oluruq.
Onu da qeyd edək ki, bu qadağanın tətbiqinə nəzarət gücləndirildikdən sonra dünyada polietilen torbaları qadağan edən 69 ölkədən biri də Azərbaycandır.
Məlumat üçün bildirək ki, plastik, polietilen torbalar bəzən 200 ildən 1000 ilə qədər çürümədən qaldığına görə bu gün dünyamızı çirkləndirən ən təhlükəli maddə də elə onlardır. Bu tullantılar ətraf mühitə, dənizlərə, okeanlara, şəhərlərə, sonda isə dönüb-dolaşıb insanlara zərər verir. Amma insanlar hələ də polietilen torbaların israfına yol verirlər. Bu da cəmiyyətdə plastik tullantıların zərərləri ilə bağlı həssaslığın az olmasından irəli gəlir.
Qeyd edək ki, məlum qadağanın qəbul olunmasından bu yana dəfələrlə istehsalçılara xəbərdarlıq edilsə də, bu xəbərdarlıqlara məhəl qoyulmadığına hələ də şahid oluruq.
Artıq qadağadan 2 ilə yaxın vaxt keçsə də, görünür, heç bir kommersiya obyektləri bu qaydalara riayət etmək niyyətində deyil.
Telman Zeynalov: “Mağazalar bu qaydaya əməl etmirsə, o zaman dövlət və məmurlar bu məsələ ilə bağlı yaxından maraqlanmalıdır”
Ekoloq Telman Zeynalov bildirdi ki, sellofan paketlərin bir ziyanı olmasaydı, ona xüsusi qadağa qoyulmazdı: “Xüsusilə üzərində rəngli yazılar olan paketlər rənginə görə daha zərərlidir. Əgər qadağa qoyulubsa, deməli, problem ciddidir. O cümlədən, əgər mağazalar bu qaydaya əməl etmirsə, o zaman dövlət və məmurlar bu məsələ ilə bağlı yaxından maraqlanmalıdır”.
Eyyub Hüseynov: “Yerli istehsal alternativ istehsala rəvac vermir, buna görə də çoxsaylı bu kimi problemlər ortaya çıxır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, hökumətin çoxsaylı bu cür qərarları var və təəssüf ki, reallıqlar bu qərarları üstələyir: “Hökumətin qərarlarını icra etməyə cavabdeh olan dövlət orqanları, demək olar ki, passivlik göstərirlər. Bu kimi ekoloji və istehlakçı hüquqları ilə bağlı olan çoxsaylı məsələlər masa üzərində qalır və icra olunmur. Məsələn, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı da hökumətin qərarları var, amma onların da praktikada icra olunmadığını görürük. Bu problem yaşanır və yaşanmağa davam edir. İnzibati xətanın predmeti olan plastik materiallarla bağlı qəbul olunan qərarın icrasında da problemlər yaranır. Bu məsələdə səhvlərdən biri də alternativlərin təklif olunmaması və yaradılmamasıdır. Qadağalar birdən-birə qoyuldu. Əlbəttə, bazar tələb edirsə, təklif meydana çıxacaq. Amma hökumət bunun qarşısını ala bilmədi. İlk vaxtlar müvafiq işlər görüldü, cərimələr oldu, amma tələb təklifi üstələdiyi və hökumətin qərarları düzgün icra edilmədiyi üçün bu məsələ indiyə qədər də problem olaraq qalır və ətraf mühit çox sürətlə çirklənir”.
Birlik sədrinin sözlərinə görə, sözügedən qanunun işləməsində yaranan problemin mənbəyi məhz alternativlərin yaradılmamasıdır. Alternativlərin yaradılmasına mane olan isə biznesmenlər arasındakı maraqlar konfliktidir: “Yerli istehsal alternativ istehsala rəvac vermir. Buna görə də çoxsaylı bu kimi problemlər ortaya çıxır”.
Günel CƏLİLOVA