Məlumdur ki, müəllimlərin işə qəbul prosesi imtahan əsasında baş tutur. 2013-2022-ci illərdə MİQ-dən keçərək işə qəbul edilmiş müəllimlərin sayı 38 213 nəfərdir. Onlardan 2190 nəfəri cari ildə keçirilmiş sertifikatlaşdırma prosesinə cəlb olunub, demək olar ki, mütləq əksəriyyəti prosesi uğurla tamamlayıb.
Ancaq müəllimlərin işə qəbul prosesi ilə bağlı narazılıqlar bitmək bilmir. Bildirilir ki, 4-cü kursu fərqlənmə ilə bitirən məzunlar yenidən niyə imtahan verərək işə qəbul olunurlar? Bu məsələ universitetlərin verdiyi təhsili sual altına alır, rektorlar həmin məsələyə etiraz etməlidirlər.
Bir qisim ekspertlər MİQ imtahanının keçirilməsinə ehtiyac olmadığını, sovet dövründə olduğu kimi təyinat sisteminin yenidən tətbiqinin vacibliyini deyirlər. Hətta bəzi ucqar kənd məktəblərində müəllim çatışmazlığının olması ilə bağlı fikirlər səslənir ki, bu da Bakıda yaşayan müəllimlərin həmin bölgələrdə çalışmaq istəməməsi ilə əlaqələndirilir.
Maraqlıdır, müəlimlərin işlə təminatında yenidən təyinat sistemi tətbiq edilməlidirmi?
“Bu gün müəllimlərin sayı tələbatdan 2-3 dəfə artıqdır, nəyə görə təhsil alıb işsiz qalmalıdırlar, tələb-təklif prinsipi gözlənilmir”
Təhsil üzrə ekspert Nadir İsrafilov qeyd etdi ki, Sovet dönəmi ərzində müəllimlərin işə qəbulu təyinatla olub: “Təhsildə tələb-təklif adlanan bir prinsip var idi. O zaman Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənirdi və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirəndən sonra, məsələn, Qubadan idisə və oradan sifariş gəlibsə, onu Qubaya, Şəkidən gəlibsə, Şəkiyə, Lənkərandan gəlibsə, Lənkərana göndərirdilər. Yəni məzun artıq öz yurdunda, ailəsinin yanında olurdu. İndi isə müəllimlər müsabiqə yolu ilə işə qəbul olunur. Ən yüksək bal Bakının mərkəzi məktəblərinə, bir qədər az toplayanlar mikrorayona, daha aşağı toplayanlar Sumqayıta, sonra Şabran, ən aşağı balı olan Qusara - dağın başına gedir. Bu düzgün mövqe deyil. Belə çıxır ki, ən savadlıları mərkəzə, Bakıya, savadsızları isə regionlara göndəririk. Halbuki, ölkə başçısının regionların inkişafına dair bir neçə fərmanı var. Regionların inkişafı o demək deyil ki, ancaq asfalt çəkilsin, park salınsın. Bu, eyni zamanda o deməkdir ki, təhsil də, səhiyyə də inkişaf etməlidir. Məsələn, bakılı imtahandan sonra Lerik məktəbinə düşür və onun orada tanıdığı yoxdur, o mühitə uyğunlaşa bilmir. Ona görə də orada çox davam gətirmir. Sovet dövründə 5 illik təyinat müddəti var idi və hərbidə olduğu kimi, təyinatın mükəlləfiyyət hüququ vardı. Müəllim gedib 5 il təyinat müddətində işlədikdən sonra sərbəst təyinat ala bilirdi. Yəni tələb-təklif prinsipinin həm sosial, həm də digər əhəmiyyəti var idi. Mən təyinat məsələsini tam alqışlayıram. Çox insanlar bu fikirdədir. Kim hansı rayondandırsa, orada da işləməlidir. Artıq yerdəyişmələrə də ehtiyac qalmır. İndi bu yerdəyişmələrlə bağlı problemlər yaranır”.
Ekspert onu da əlavə etdi ki, bu gün müəllimlərin sayı tələbatdan 2-3 dəfə artıqdır. Nəyə görə təhsil alıb işsiz qalmalıdırlar, tələb-təklif prinsipi gözlənilmir? Ölkədə 30-dək universitet müəllim hazırlığı ilə məşğul oldu və nə maddi-texniki bazası, nə də kadr potensialı var idi. Beləliklə, universitetlər bu cür müəllimlər “istehsal” etməyə başladı: “İndi həmin buraxdığımız səhvlərlə bağlı deyirik ki, müəllimlərimiz savadsızdır. Sovet dönəmində bir Pedoqoji İnstitut və Pedoqoji Texnikum var idi ki, onların məzunları müəllim tələbatını ödəyirdi. İndi yerli-yersiz o qədər universitetlərdən müəllimlər məzun olur və işsiz qalırlar, elan gözləyirlər ki, müsabiqədə nə qədər bal toplayacaq və s. Ona görə də təyinat sistemi bu sahədə mövcud problemin həllində yeganə yoldur”.
Günel CƏLİLOVA