Çinin Uhan şəhərindən başlayıb, qısa zaman ərzində bütün dünyaya “ayaq açan” koronavirusa yoluxanların sayı günbəgün artmaqda davam edir.
Məlum olduğu kimi, Səhiyyə Nazirliyi və TƏBİB COVID 19 xəstələrinə xüsusi həssaslıqla yanaşır. Evdə müalicə alan xəstələrə sahə həkimləri ayrılır, eyni zamanda, pulsuz dərman paketləri çatdırılır. Xəstəxanada və ya evdə olmasından asılı olmayaraq, koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Danılmaz faktdır ki, Azərbaycan iki ildən çoxdur bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən mühüm və prioritet vəzifədir.
Qeyd edək ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir.
Ancaq bu günlərdə belə bir məlumat yayıldı ki, koronavirusa yoluxmuş Binəqədi sakini Aynur Orucova ona yaşadığı ərazi üzrə poliklinikadan müalicə məqsədilə istifadə müddəti bitən “Selen-aktiv” vitamin kompleksinin göndərildiyini iddia edib. O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
A.Orucovanın sözlərinə görə, sözügedən vasitənin istifadə müddəti 2021-ci ilin oktyabrın 12-də bitib.
Səhiyyə Nazirliyi: “Şikayətçinin iddiası araşdırılıb və məsələ təsdiqini tapmayıb”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, şikayətçinin iddiası araşdırılıb və məsələ təsdiqini tapmayıb: “Sözügedən məsələ araşdırıldı. Həmin koronavirusa yoluxmuş xəstəyə dərman göndərilən 26 saylı Şəhər Poliklinikasından bildirilib ki, vitamin kompleksində vaxtı keçmiş dərman yoxdur”.
Günel CƏLİLOVA