Son günlərdə müxtəlif təhsil müəssisələrindən uşaqlara qarşı şiddətlə bağlı görüntülər yayılıb ki, bu da cəmiyyətdə qızğın müzakirələrə yol açıb. Növbəti belə bir xəbər müəllim şagird arasında deyil, direktorla pedaqoq arasında yaşanıb.
Belə ki, Ağdam rayonu, 38 saylı tam orta məktəbin direktoru Məsud Həmzəyev uzun müddətdir təhsil müəssisəsində çalışan Ləman Zeynalovaya artıq dərs saatı vermək üçün rüşvət tələb edib. Bu iddia ilə mediaya müraciət edən ibtidai sinif müəllimi Ləman Zeynalova 2019-cu ildən həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyevin xoşagəlməz əməllərlə məşğul olduğunu, üstəlik etdiyi qanunsuzluqlarla bağlı ondan rüşvət aldığını bildirib. Çarəsiz qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur olub: “Direktor yeni təyin olunandan sonra dərs bölgüsü üçün otağına yaxınlaşdım. Artıq dərs saatının olmadığını və hamısının bölündüyünü bildirdi. Dedim onsuz mənim 4-5 saat dərsim olur. “Heç 1 saat da yoxdur” deyə cavab verdi. Soruşdum ki, onda mən nə etməliyəm, çıxmalıyam? “Necə istəyirsiz”, deyə cavablandırdı. Direktorla yenidən danışıb, səhəri işdən çıxmaq üçün məktəbə ərizə yazmağa getdim. O, isə xəstə uşaqlar üçün sinif açılması təklifi ilə çıxış edərək məndən 1000 manat istədi. İsrar etdim ki, əvvəlki 4-5 saatlıq siniflərimi geri qaytarsın. İnad etdi və sinif açmaq üçün həmin məbləği verməyə məcbur etdi. O zaman əmək haqqı kartımı götürməsini təklif etdim. Onunla da razılaşmadı”.
Məsələ ilə bağlı Ağdam rayonu, 38 nömrəli məktəbin direktoru Məsud Həmzəyev bildirdi ki, adıçəkilən müəllim ona şər-böhtan atır, deyilənlərin heç bir əsası yoxdur: “Hamısı əsassız iddialar və böhtandır. Bununla bağlı Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilib. Xanım dərs buraxdığına və fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin pedaqoji şurası ilə işdən azad edilib. Evinə də məlumat göndərilib. Əgər əlində rüşvət almağımla bağlı faktı, sübutu varsa, məhkəməyə müraciət edə bilər. Günahım varsa, qoy dövlət orqanları qərar versin. Dövlətin məhkəməsi və qanunları məsələni həll etsin. Heç bir əsas göstərmədən və səbəb gətirmədən 2 ay müddətinə dərsi buraxıb. Buna görə üzrxahlıq etmək əvəzinə barəmdə əsassız şikayətlər edib. Həmçinin, Ləman Zeynalova müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən 6 bal toplayıb. Nazirin əmrinə görə ona 6 saatdan artıq dərs vermək olmaz. Ona isə həftədə bir dəfə dərsə gəlmək istəyi nəzərə alınaraq 4 saat dərs verilib. Onun istəyi odur ki, işə gəlməsin və mən isə dövlətin pulunu ona verim. O zaman cinayət etmiş olardım”.
Günel CƏLİLOVA