Cari ilin əvvəlində çörək və ət məhsullarının satış qiyməti artıb. Ərzaq məhsullarının satış qiymətinin artması şadlıq evləri üçün fürsət olub. Şadlıq evləri toy qiymətlərini qaldırmağı düşünür.
Hətta bəzi şadlıq evləri öncədən danışılmış toyların da yeni qiymətlə olacağını bildirir. Bu da toy sahiblərinin haqlı narazılığına səbəb olur. Şadlıq evlərinin yeni qərarı ilə razılaşmayan toy sahibləri ya yeni qiymətlə toylarını həmin məkanda keçirməli, ya da toyu təxirə salmalıdırlar.
Ekspertlər bildirir ki, ölkədə ərzaq məhsullarının qiyməti qalxandan sonra əksər iaşə obyektləri də dərhal qiyməti qaldırdılar. Bəzi şadlıq evlərinin öncədən danışılmış, rezerv edilmiş toyların yeni qiymətlə keçiriləcəyi haqqında toy sahibinə məlumat verməsi düzgün deyil. Toy sahibi əvvəlcədən danışılmış qiymətlə toy edəcəyini planlaşdırıb və həmin qiymətə uyğun büdcəsini formalaşdırıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bahalaşma ilə bağlı hər gün ölkənin müxtəlif bölgələrindən azı 2-3 zəng qəbul edir. Ancaq, bu sahədə qalxan qiymətləri tənzimləmək mümkünsüzdür: “İstehlakçılar bilməlidirlər ki, restoranlarda qiymətlər sərbəstdir. Lülə kabab bir yerdə 3 manat olduğu halda, digərində bu qiymət 15 manat ola bilər. Heç bir dövlət orqanı buna nəzarət etmir. Lakin Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bu sahədə xidmət göstərən istənilən yerdə menyu olmalıdır. Həmin menyuda malın çəkisi və qiyməti yazılmalıdır. Hətta bəzilərində kalori dəyəri də göstərilir. İstehlakçı seçimdə sərbəstdir və bundan narazı qalmamalıdır”.
Günel CƏLİLOVA