“AzərSuTikinti” Xəstəxanasının işçiləri xəstəxananın bağlanacağı ilə bağlı deyilənlərə etiraz ediblər. Onların sözlərinə görə, bu, Bakının Nizami rayonunda yerləşən yeganə dövlət xəstəxanasıdır: “Biz Nizami rayonunda olan yeganə dövlət xəstəxanasının bağlanmasına etiraz edirik. Nəyə görə bağlanmalıdır?”.
Işçilər qeyd edir ki, koronavirus pandemiyası dövründə xəstəxananın bağlanması doğru deyil: “Prezidentimizdən xahiş edirik bununla maraqlansın və səsimizə səs versin”.
Kollektiv Azərbaycan prezidentinə müraciət edərək xəstəxananın ləğvinə yol verilməməsini xahiş edib.
TƏBİB - Elnarə Baxış: “Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər”
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış qeyd etdi ki, həmin xəstəxananın həkimləri başqa müəssisələrə köçürüləcək: “Hemodializ şöbəsi yerində saxlanmaqla, dörd cərrah, üç həkim-ginekoloq, iki LOR həkimin fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər”.
Pərvanə Mustafayeva: “Xəstəxananın bağlanması ilə bağlı işçilərə öncədən məlumat verilməlidir ki, onlar da öz işini bilsin”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, işçilərə məlumat verilmədən xəstəxananın bağlanılması düzgün deyil: “Xəstəxananın bağlanılması ilə bağlı işçilərə öncədən məlumat verilməlidir ki, onlar da öz işlərini bilsin. Təbii ki, həkimlər işsiz qalmayacaq. işçilər müxtəlif xəstəxanalara yönləndiriləcək. Ancaq bu vəziyyətdən əziyyət çəkən sadə vətəndaşlar olacaq. Nəzərə almaq lazımdır ki, “AzərSuTikinti” Xəstəxanası pulsuz idi. Ora müraciət edənlər aztəminatlılar idi. Hər ailənin büdcəsi imkan vermir ki, özəl xəstəxanaya getsin”.
Günel CƏLİLOVA