
Masallının idman həvəskarları daha bir maraqlı yarışın sevincini yaşadılar. Bu Azərbaycan Güləş Federasiyasının, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma və sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında açıq rayon turniri idi. Artıq gərgin mübarizə şəraitində keçən yarışlara yekun vuruldu.
Masallı, Cəlilabad, Lənkəran, Zaqatala, Samux, Şəmkir, Neftçala, Salyan, Tovuz, Abşeron rayonlarının, Bakı və Gəncə şəhərlərinin, Naxçivan Muxtar Respublikasının yeniyetmə idmançılarının qatıldığı turnir iki gün davam etdi. Yarışlarda 2005-2007-ci il təvəllüdlü atletlər 11, 2008-2010-cu il təvəllüdlülər isə 7 çəki dərəcəsində qələbə uğrunda Yunan-Roma güləşi üzrə 196, sərbəst güləş üzrə 210 idmançı mübarizə apardılar.
Qalib idmançıları mükafatlandırma mərasimində əvvəlcə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycan Dövlət Himini səsləndi.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışı edib
bildirdi ki, yarışların təşkilində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, yeniyetmələri idmana cəlb etməklə onlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, rayonda güləşin kütləviliyini təmin etməkdən ibarətdir.
Sonra idmançılar arasında ilk üçlüyə sahib olanlar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif edildilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü