Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən bu başlıqlı tədbir şərəf və qürur günümüz 20 Yanvara həsir olunmuşdu. Təşkilatçıları Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi olan tədbirin iştirakçılar Heydər Əliyev Mərkəzinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi, rayon Tarix-diyarşünaslıq Muzeyi, Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”, rayonda fəaliyyət göstərən Dövlət Regional Kollecin müəllim və tələbələri, eləcə də fəal gəncləri idilər.
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin əziz ruhu, 20 Yanvar qurbanlarının, Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva giriş sözündə tədbirin mahiyyəti haqqında məlumat verib dedi:- 20 Yanvar hadisəsi xalqımızın tarixində ən dəhşətli qanlı faciədir. Keçmiş Sovet İmperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlardan keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarına döndülər. Fəqət, bir tərəfdən tariximizin kədərli, digər tərəfindən şərəf, ləyaqət səhifəsi olan həmin gün əbədi xatirələrdə yaşayacaq...
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı geniş çıxış etdi: “1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Yalnız 1993-cü ildən ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb.”
“Ötən illər ərzində Azərbaycan dövlətinin, o cümlədən Heydər Əliyev Fondunun faciə ilə bağlı aparıcı dünya dövlətlərinə müraciətləri olub, Azərbaycan diasporu və xarici ölkələrdəki səfirliklər tərəfindən “Qanlı Yanvar” və “Xocalı” faciələri bir çox vasitələrlə dünya ictimaiyyətinə çatdırılıb.” Bu fikirləri Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva söylədi. Daha sonra söz Masallı Dövlət Regional Kollecinin tələbəsi Məryəm Ələsgərli verildi. O, 20 Yanvar hadisələri zamanı baş verən hadisələri ətraflı təhlil etdi. Tədbir iştirakçıları həm də Mərkəzdə yaradılmış 20 Yanvar hadisələrini özündə əks etdirən fotostendlə tanış oldular.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü