Son vaxtlar sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur. Təhlükəli bəlaya düçar olanlar arasında yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Belə ki, Respublika Narkoloji Mərkəzində hazırda qeydiyyatda olanlar arasında 207 nəfər 65 yaşdan yuxarı şəxslərdir.
Maraqlıdır, narkotik istifadəçiləri arasında yaşlı nəslin nümayəndələri niyə artır?
“Vaxtında müalicə olunmayan şəxslərdə qara ciyər tamamilə sıradan çıxır, orqanizm öz fəaliyyətini dayandırır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, narkotik istifadəçilərinin sayının artmasının səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır: “Yaşlı nəslin nümayəndələrinin narkotikə meyl etməsi, ondan istifadə etməsi təəssüf doğurur. Onu da nəzərə almaq lazımdır ki, qeydiyyata düşməyən narkotik maddə istifadəçilərinin sayı daha çoxdur və bu say artmaqda davam edir”.
Sosioloqun sözlərinə görə, 60 yaşdan yuxarı şəxslərin narkotikdən istifadə etməsinin müxtəlif səbəbləri var: “Yaşlı nəslin nümayəndələri qeyd edir ki, onlar depressiyaya düşdüklərindən çıxış yolunu narkotik vasitədən istifadədə görür. Narkotik maddələrə meyl edənlərin sağalması üçün ailənin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Ailələr ictimai qınaqdan qorxduğuna görə həqiqəti qəbul etmir və yaxınını, valideynini qeydiyyata salmaq istəmir. Ancaq həmin şəxs bilməlidir ki, narkotik istifadəçisini narkoloji mərkəzə aparmamaqla onun həyatına zərər vurur. İlkin vaxtlarda onu sağaltmaq olar. Bu problemi hiss edən şəxs ilk növbədə Narkoloji Mərkəzə müraciət etməlidir. Bəzi həkimlər belə şəxsləri sağalda biləcəyini deyir, amma mütəxəssislərə müraciət etmək lazımdır. Narkoloji Mərkəzdə anonim şəkildə də qeydiyyata düşmək mümkündür. Burada müalicə təkcə dərmanlarla deyil, psixoloji söhbətlərlə də aparılır. Vaxtında müalicə olunmayan şəxslərdə qara ciyər tamamilə sıradan çıxır, orqanizm öz fəaliyyətini dayandırır”.
Son olaraq qeyd edək ki, narkomaniya tək bir cəmiyyətin deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladlarının bəlasıdır və onunla mübarizə bütün bəşəriyyətin xilası üçün vacibdir.
Günel CƏLİLOVA