Siyov Lerik rayonun dağ kəndidir. Rayonun əksər yaşayış məntəqələrində olduğu kimi burada da üst-üstə qalaqlanmış, həlli müşkülə dönən sosial problemlər çoxdur. Respublikamızın inkişaf etdiyi dövrdə belə bir yerdə yaşamaq hər adamın işi deyil.
Siyovlular doğma torpağa bağlı, dövlətinə sədaqətli olduğu üçün hələlik bütün çətinliklərə dözməli olurlar. Kəndin Vətən yolunda öz canından keçən üç şəhid övladı vardır. Onların bu sədaqətini görən xalqın taleyinə məsul səlahiyyət sahibləri insafa gəlib kəndi məngənə arasına salan problemlərlə maraqlanmır.
Siyov camaatı son illər yandırmağa yanacaq tapmaqda çətinlik çəkir. Yanacaq odun baha başa gəlir, əsasən qışın saxtasından salamat çıxmaq üçün hər kəs onu ala bilmir. Hazırkı zamanda qiymət qalxdığına görə təkcə bir qış mövsümündə yandırmağa 1000 manatlıq odun lazımdır. Kənddə qazın verilməsi isə ildən-ilə yalan vəd olaraq qalır. Evlərini isitməkdən siyovlular müxtəlif yollara düşürlər. Hətta, imkansızlıq üzündən bir meyvə ağacını kəsən olur.
SSRİ dağılandan Siyova ictimai nəqliyyat işləmir. Azərbaycanın hər yerində əhali marşrut avtobusların xidmətindən istifadə etdiyi halda, siyovlular daxil olmaqla Lerikin bütün kəndlərində bu əlçatmazdır. Respublikada mütərəqqi üsul sayılan bankomatların yaranması kəndin yaşlı adamlarını zillət qarşısında qoyubdur. Belə ki, Siyovda bankomat yoxdur, başqa yerə getməyə də ictimai nəqliyyat işləmir. Nəzarətsiz fəaliyyət göstərən ara sürücülər isə elə qiymət deyirlər ki, adam yerində donub qalır...
Ümumiyyətlə, indiki zamanda problemlər üzündən Siyovda yaşamaq çətindir. Qaldı ki, siyovlular Azərbaycan vətəndaşdırlar, onların da ölkə rəhbərliyinin respublikada yaratdığı rahat həyatdan istifadə etməyə mənəvi haqqı çatır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü.