Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur.
Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçilməsi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.
Məlumdur ki, Azərbaycanda xarici dil kimi əsas ingilis dilinə üstünlük verilir. Ancaq ölkədə peşəkar ingilis dili müəllimi az saydadır. Araşdırmalara görə, ingilisdilli məktəblər üçün yetərincə müəllim resursu yoxdur. Ölkədə xarıcı təcrübəyə malik ingilis dili müəllimləri az saydadır.
“İngilis dili bölməsində özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda şagirdə Azərbaycan attestatı verilmir”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda ingilis dilinə tələbat yüksək olsa da, ingilisdilli məktəblər üçün yetərincə müəllim resursu yoxdur: “Bunun ənənəsi yoxdur. Amma yaradıla bilər. Çox təəssüflər olsun ki, müstəqil ölkənin təhsili öz dilində yetərli olmadığından insanlar başqa dildə təhsilə üstünlük verirlər. Bu gün ölkəmizdə də ingilisdilli tədrisə ciddi maraq var və bu da özəl təhsil sektorunda özünü aydın şəkildə göstərməkdədir. İngilis dilində tədris bir neçə formada həyata keçirilir - ya hansısa beynəlxalq məktəblər, ya da Azərbaycan və rus bölməsi ilə yanaşı, ingilis dili bölməsində də tədris verən məktəblər”.
K.Əsədov onu da əlavə etdi ki, ingilis dili bölməsində özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda şagirdə Azərbaycan attestatı verilmir: “Çünki ölkəmizdə daha çox IB və Kembric proqramları ilə ingilisdilli tədris verilir ki, bu zaman Azərbaycan kurikulumu tədris edilmədiyi üçün şagirdin attestat imtahanına girmə şansı da olmur. Onu da nəzərə alsaq ki, ölkəmizdə hələlik sadəcə ADA univetsiteti SAT və ya digər beynəlxalq imtahanlarla şagird qəbul edir, deməli, bu şagirdlərin digər universitetlərimizə qəbul olması mümkün deyil”.
Günel CƏLİLOVA