Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Xarici Dillər Universitetinin birgə təşəbbüsü ilə ölkəmizdə xarici dil üzrə “Ən yaxşı xarici dil müəllimi”, “Xarici dili ən yaxşı tədris edən məktəb”, “Xarici dildə ən yaxşı nəticə göstərən şagird” nominasiyaları üzrə müsabiqə keçirilib. Masallı rayonunun Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi Naidə Şakir qızı Məmmədova “Ən yaxşı müəllim” nominasiyası üzrə qalib olub. Bununla bərabər onun iki şagirdi də həmin nominasiyanın qalibləri arasında yer tutub. Naidə müəllim Qabaqcıl təhsil işçisi və Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. O, 2011-ci ildə ölkə miqyasında “Ən yaxşı müəllim müsabiqəsi” nin qalibi, 2019-cu ildə isə Türkiyədə Xalqlar arası Türk Dünyasının “Sosial bilimlər və Tədris bilimləri” Konqresində “Yeni təlim strategiyaları müasir paradiqmlər kontekstində” layihəsi ilə Dədə Qorqud mükafatının sahibi olub.
Bakı şəhərində qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros və A PFAZ-ın prezidenti Gülbəniz Camalova Naidə müəllimə mükafatı təqdim edərək, ona gələcək pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayıblar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü