Bu günlərdə Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində bir qrup valideyn direktor Aqil Həsənovun vəzifəsində çalışmasına etiraz edib.
Onlar iddia ediblər ki, əvvəllər Ağsu Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan A.Həsənov işinin öhdəsindən gələ bilmədiyi üçün qurumdan çıxarılıb və məktəbə direktor təyin edilib. Valideynlər övladlarını məktəbə buraxmayacaqlarını qeyd ediblər.
Ağsu Rayon Təhsil Şöbəsi: “Məktəb kollektivi növbəti həftənin birinci günündən şagirdlərin məktəbə davamiyyətini təmin edəcəklərinə söz veriblər”
Ağsu Rayon Təhsil Şöbəsindən (RTŞ) bildirildi ki, rayonun Pirhəsənli kənd tam orta məktəbinə təhsil naziri Emin Əmrullayevin əmri ilə direktor vəzifəsinə təyin edilmiş Ağsu RTŞ-nin sabiq müdiri Aqil Həsənovun təqdimatına bir qrup valideyn əsassız olaraq etiraz edir və övladlarını məktəbə buraxmaq istəmirlər: “Onların fikri belədir ki, direktor olacaq namizəd məktəb kollektivindən təyin olunmalıdır. Onlarla müvafiq qaydalara uyğun olaraq söhbətlər aparılıb, övladlarını təhsildən yayındırdıqlarına görə məsuliyyət daşıdıqları xatırladılıb. Kənd İcra nümayəndəsi və məktəb kollektivi növbəti həftənin birinci günündən şagirdlərin məktəbə davamiyyətini təmin edəcəklərinə söz veriblər”.
Pirhəsənli kənd tam orta məktəbi - Aqil Həsənov: “Problem artıq həll olunub, hazırda məktəbdə heç bir problem yoxdur”
Məsələ ilə bağlı Pirhəsənli kənd tam orta məktəbinin direktoru Aqil Həsənov bildirdi ki, yaşanmış vəziyyət artıq öz həllini tapıb. Problem artıq həll olunub, hazırda məktəbdə heç bir problem yoxdur. Biz bu barədə nazirliyə öz mövqeyimizi bildirmişik”.
Günel CƏLİLOVA