2021-cu təqvim ilinin yekunlaşmasına sayılı günlər qalıb. Artıq uşaqlar Yeni ilin əsas atributu - Şaxta babanın gəlişini ən çox gözləyənlər sırasındadır. Şaxta baba və Qar qızla əylənmək, şam ağacı ətrafında dövrə vurub oynamaq uşaqların Yeni il əyləncələri sırasına daxildir. Amma orta məktəblərdə bu cür əyləncələrin təşkilinə icazə verilmir.
Belə olan halda da müəllim və valideynlər məcbur qalıb, məktəbdən kənarda, kafe və restoranlarda uşaqları bir araya yığırlar. Lakin bu cür şənliklərin təşkili üçün yığılan pullar heç də bütün məktəbli valideynlərini qane etmir.
Məlumata görə, Bakıdakı 23 nömrəli məktəbdə şagirdlərdən 170 manatdan pul yığıldığına dair xəbər yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilib ki, vəsait restoranda bayram keçirilməsi üçün nəzərdə tutulub.
23 nömrəli məktəb: “Bayram şənliyi üçün şagirdlərdən pul toplanılmır”
Məsələ ilə bağlı 23 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbin Aytən adlı əməkdaşı bizimlə söhbətində bildirdi ki, bayram şənliyi üçün şagirdlərdən pul toplanılmır: “Yayılmış məlumatlar həqiqət deyil. Ümumiyyətlə, Yeni il şənliyi keçirilməyəcək. Bu səbəbdən şagirdlərdən pul toplanılmır”.
Nizami Hüseynov: “Koronavirus infeksiyası hələ yox olmamış kütləvi tədbirlərin keçirilməsi düzgün deyil”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, koronavirus infeksiyası hələ yox olmamış kütləvi tədbirlərin keçirilməsi düzgün deyil: “Məlumdur ki, şagirdlər arasında keçirilən şənliklərdə karantin qaydalarına əməl edilməyəcək. Yaxşı olar ki, məktəb rəhbəriyi, müəllim və valideynlər uşaqlarının sağlığı üçün bu cür əyləncələrdən uzaq olsun. O ki qaldı Yeni il şənliyi üçün şagirdlərdən 170 manatdan pul toplanmasına, bu da düzgün deyil. Bu tip şənliklərdə iştirak məcburi olmamalıdır. Məcburi şagirddən pul tələb etmək yaxşı hal deyil”.
Günel CƏLİLOVA