Nərimanov rayonu ərazisində yaşayış binalarından biri təhlükə saçır. Ziya Bünyadov prospektində yerləşən 9 mərtəbəli yaşayış binasında təhlükəli vəziyyət müşahidə edilir. Belə ki, binanın fasadına çəkilmiş xüsusi üzlük materialları qoparaq tökülür.
Sakinlərin sözlərinə görə, olduqca sərt olan bu material kiminsə üzərinə düşsə, həmin şəxs ağır xəsarət ala bilər. Binanın 9 mərtəbəli, 5 girişli olduğunu nəzərə alsaq, təhlükənin miqyası daha da böyüyür. Qeyd edək ki, binanın fasadına 6-7 il əvvəl betonopan adlı xüsusi üzlük çəkilib.
Mənzil Kommunal Təsərrüfatı Birliyi - Azər Rzayev: “Qopma risqi olan üzlüklər aşkar edilərək çıxarılır”
Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Azər Rzayev bildirdi ki, üzlüklərin qopmasının səbəbi havanın küləkli keçməsi ilə bağlıdır: “Ünvanlar dəqiqləşib, aidiyyəti qurumlara göndərilib ki, yaranmış vəziyyət aradan qalxsın. Problem aradan qalxacaq. Həmçinin, qopma risqi olan üzlüklər aşkar edilərək çıxarılır”.
Kamran Məmmədli: “Üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur, bu isə insanların həyatı üçün təhlükə yaradır”
İqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, Bakıda “xruşşovka”, “fransız” layihəli və arxitektur binalarda bu təhlükə daha çoxdur: “Paytaxtda köhnədən qalan binalar var ki, inşa olunduğu vaxt divarı daş plitələrlə üzlənib. Həmin üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur. Bu isə insanların həyatı üçün təhlükə yaradır”.
Ekspert onu da əlavə etdi ki, binanı inşa edən tikinti şirkətləri hörgünü kərpiclə hörüb binanı aqlay daşla üzləyir. Aqlay daşla üzləmək binanın xərcini, oradakı mənzillərin qiymətini də bahalaşdırır. Daş üzlük üçün xərclənən vəsaitlə binanı dəfələrlə boyamaq olar. Ancaq nəzərə alınmalıdır ki, gələcəkdə bu binalar da təhlükə mənbəyinə çevriləcək: “Bina qəzalı vəziyyətdə deyilsə, üzlüyü sökülüb boyana bilər”.
Günel CƏLİLOVA