Bakı Kitab Mərkəzində ATMU-nun professoru, AVCİYA-nın I vitse prezidenti, Məhərrəm Zülfüqarlının AZİZ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə “Generalın sirli taleyi” adı kitabının təqdimatı keçirilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Mətbuat Xidmətindən “Bakı Xəbər”ə bildirildiyinə görə, kitabın təqdimat mərasimi generalın 120 illik yubleyi, Azərbaycan silahlı qüvvələrinin erməni işğalçıları üzərində qələbəsi və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunub.
AZİZ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası ilə yanaşı Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsi, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi, Milli Azərbaycan Muzeyi və Azərbaycan Hərb Tarixi Muzeyi tədbirin keçirilməsinə dəstək verib.
Kitab ilkin olaraq "Bakının qəhrəman müdafiəçisi - General Məmmədbağır Hadi oğlu Bağırov" adlı ilə nəşr olunduqdan sonra AZİZ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası kitabın rus və Azərbaycan dillərində yeni versiyasını hazırlayaraq ictimaiyyətin diqqətinə çatdırıb.
Kitabın elmi redaktoru, AMEA-nın Tarix İnstitutunun Baş direktoru t.ü.e.d.,prof., Dövlət Mükafatı Laureatı Kərim Şükürov, ön sözün müəllifi ADPU-nun rektoru, t.ü.e.d., professor Cəfər Cəfərovdur. Kitabın rus dilində nəşr layihəsinin rəhbəri Yeganə Salman, mətnin yığılması və dizaynı Şaul Siman-Tov, üz qabığının dizaynı prof. Vüsal Rafiq oğlu Bağırovdur.
Tədbirini aparıcısı AZİZ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası Yeganə Salman tədbiri açaraq kitabın əhəmiyyəti barədə qısa arayış verib. Daha sonra kitabın müəllifi t.ü.e.d.,prof. M.P. Zülfüqarlı kitab haqqında məlumat verərək Azərbaycanın qəhraman oğlu, general Məmmədbağır Bağırovun vətən qarşısında xidmətlərini xüsusi vurğulayıb. O, II Dünya müharibəsi dövründə Bakı uğrunda da döyüşlərin olduğunu və Bakının hava hücumundan müdafiəsinə general M.H. Bağırovun bacarıqla rəhbərlik etdiyini faktlarla göstərib.
Daha sonra Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi Çingiz Abdullayev, Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, generalın nəvəsi. t.ü.e.d.,prof. Minaxanım Əsədova, Azərbaycan Hərb Tarixi Muzeyi direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti, f.ü.e.d., professor Asif Hacılı çıxışlar edərək öz təsüratlarını bölüşmüşlər.
Tədbirin sonunda AZİZ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının rəhbəri Yeganə Salman kitabın satışından əldə olunacaq vəsaitin “Yaşad” fonduna keçiriləcəyini bildirmiş, assosiasiyanın İsrail-Azərbaycan əlaqələrinin inkişafı üçün gələcək planlardan danışmışdır.