Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Birinci Qarabağ, eləcə də Vətən müharibəsində qazi olmuş müharibə qəhrəmanları ilə görüş keçirildi. Vətən torpaqların azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğlanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla başlanan görüşdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev öz çıxışında vurğuladı ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı Vətən torpaqlarını azad etdi, bu möhtəşəm qələbə şəhid oğlanların qanı, canı bahasına qazanıldı. İndi Vətən şəhidləri xalqın qəlbində yaşamaqla hər yerdə, həmişə ehtiramla xatırlanırlar. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçuları isə dövlət bir an belə unutmur. Hazırda onlara yüksək səviyyədə tibbi xidmət göstərilir, əlilliyi olan şəxslər üçün Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılır, qaldırılan problemlər vaxtında həllini tapır. Bundan sonra da bu istiqamətdə tədbirlər davamlı olacaqdır.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri də öz növbəsində ölkədə, eləcə rayonda müharibə zamanı sağlamlığını itirənlərlə bağlı müxtəlif tədbirlərin həyata keçirdiyini, dövlət tərəfindən hər zaman onları diqqət mərkəzində saxlandığını böyük razılıqla dedilər, bütün bunlara görə ölkə rəhbərinə minnətdarlıq etdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü