Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmür. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsildən-nəslə ötürülür, heç kəs unudulmur, heç nə yaddan çıxmır. İllər ötsə belə, Vətən yolunda şəhid olanları hər kəs hörmətlə anır. Çünki hər şəhid Vətənin mənəvi ucalığıdır.
Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində küçələrə, məktəblərə onların adı verilib. Həmçinin, şəhid adının əbədləşdirilməsi üçün onların adına abidələr qoyulub, parklar salınıb. Qeyd etdiyimiz kimi, hər şəhid Vətənin qürurudur. Onların xatirəsinə ölkənin hər bir ərazisində abidələr, şəhid bulaqları yaradılıb. İnsanlar həmin bulaqların suyunu içməklə həm şəhidini tanıyır, həm də onun ruhunu yad edir.
Keçən əsrin 90-cı illərindən başlayaraq şəhid bulaqlarının tikintisi həyata keçirilib. Bu bulaqlar ya yerli icra hakimiyyəti orqanları, imkanlı şəxslər tərəfindən, ya da şəhid ailələrinin vəsaiti hesabına inşa olunub. Lakin bu bulaqlara müəyyən vaxta qədər su verilsə də, son bir neçə ildə şəhid bulaqlarının bəzilərinin suyu kəsilib.
Qeyd etdiyimiz kimi, bəzi ərazilərdə olan şəhid bulaqlarının suyu kəsilib. Bəzi bölgələrdə isə şəhid bulaqlarının qarşısında obyekt tikilir. Həmin obyekt sayəsində şəhid bulağının ümumi görünüşünə xələl gəlir. Belə bir mənzərə Beyləqan rayonunda qeydə alınıb. Şəhid ailələri iddia edir ki, şəhid bulağının qarşısında tikilən obyekt bulağın görünüşünə xələl gətirir və şəhidlərin adını daşıyan abidə kompleksi tikintinin arxasında qalacaq: “Obyekt tikiləndən sonra həmin ərazidən keçənlər şəhid bulağını görməyəcək, şəhidini tanımayacaq. Bulağın tikilməsi şəhid ailələri və rayon sakinlərinin şəxsi hesabına başa gəlib”.
Beyləqan RİH: “Tikinti tam qanuni şəkildə, lazımi dövlət qurumlarının icazəsi ilə həyata keçirilir”
Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən bildirildi ki, tikinti işi qanuni şəkildə aparılır: “Obyekt tikilən ərazi sahibkara məxsusdur. Tikinti tam qanuni şəkildə, lazımi dövlət qurumlarının icazəsi ilə həyata keçirilir”.
Mayis Əliyev: “Abidə kompleksinin qarşısında kafe və ya dükanın olması şəhidlərə hörmətsizlikdir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, ölkənin əksər ərazilərinə şəhid bulağı var. Onların bəziləri hazırda işlək vəziyyətdədir. Bəziləri isə istifadəyə yararsızdır: “Bir çox ərazilərdə olan şəhid bulaqları baxımsız vəziyyətdədir. Krandan su gəlmir və həmin yer zibillik içindədir. Şəhid bulağının baxımsız vəziyyətə düşməsi səbəblərindən biri də həmin əraziyə cavabdeh olan insanların məsuliyyətsizliyidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, şəhid bulağının qarşısında obyekt tikilməsi düzgün deyil: “Abidə kompleksinin qarşısında kafe və ya dükanın olması şəhidlərə hörmətsizlikdir”.
Günel CƏLİLOVA