Astarada keçən il baş vermiş torpaq sürüşməsindən sonra evləri qəzalı vəziyyətə düşən 17 ailənin problemi hələ də həll olunmayıb.
Söhbət Astaranın Şümrüd kəndindən gedir. Hazırda ərazidə sürüşmə aktivləşib və kəndlilərin narahatlıqları daha da artıb. Belə ki, cənub bölgəsində qeyri-sabit hava şəraiti nəticəsində kənd ərazisində sürüşmə aktiv fazaya keçib. Evlər daha da qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il torpaq sürüşməsi baş verib. İndi isə sözügedən ərazidə sürüşmələr hər gün artmaqdadır. Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir.
Sakinlər qeyd edir ki, sürüşmə zamanı 17 ev qəzalı vəziyyətə düşdüyü üçün qohum-qonşuda qalır. Sakinlər onu da qeyd edir ki, hələ ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib və burada yaşayan əhalinin təxliyə olunmasını məsləhət görüblər. Ancaq bu söhbətin üstündən bir il keçsə də, hər hansı bir iş görülməyib. Sakinlər onu da qeyd edir ki, problemin həll olunması ilə bağlı rayon icra hakimiyyətinə müraciət etsələr də, onlara müsbət cavab verilməyib. Dolanışığı arıçılıq və heyvandarlıqdan çıxan sakinlər kəndin digər ərazisində onlar üçün evlər tikilməsini xahiş edirlər.
“Sözügedən evlərin tikilişi üçün vəsait köçüb, yaxın vaxtlarda həmin evlərin inşasına başlanacaq”
Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Xaliqov bildirdi ki, vətəndaşlar üçün yeni evlərin tikilməsi layihəsi artıq hazırdır: “Məlumat üçün bildirim ki, bununla bağlı vəsait də köçüb. Yaxın vaxtlarda həmin evlərin inşasına başlanacaq”
Günel CƏLİLOVA