Şirvanın “Köhnə şəhər” yaşayış massivinin kanalizasiyası açıq şəkildə Kürə axır...

“Azərsu” ASC - Anar Cəbrayıllı: “Təxminən 18 küçədə su və kanalizasiya layihələrinin icrası planlaşdırılır”

img

Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində sakinlər uzun illərdir ki, kanalizasiya xətləri ilə bağlı problem yaşayırlar. Ölkənin sənaye şəhərlərindən biri olan Şirvanın bir sıra küçələrində vəziyyət o qədər də ürəkaçan deyil.

Adıçəkilən ərazinin sakinləri bildirir ki, “Köhnə şəhər” ərazisində ümumiyyətlə kanalizasiya xətləri yoxdur, digər yerlərdə isə kanalizasiya suları açıq kanallar vasitəsilə Kür çayına axıdılır. Vətəndaşlar 10 ildir ki, bu açıq kanalların üfunətinə dözür. Qışda pis qoxu və xoş olmayan mənzərə, yayda isə xəstəlik mənbəyi olan ağcaqanadlar əsl problemə çevrilir.

Sakinlər qeyd edir ki, kanalizasiya tullantıları sakinlər tərəfindən hər ay müvafiq xərc müqabilində xüsusi maşın vasitəsilə daşınır. Bu həm natəmizliyə, həm də ətrafda dəhşətli qoxunun yaranmasına səbəb olur. Sakinlər onu da bildirir ki, problemin həll olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara hər hansı bir cavab verilməyib.

  • “Həmin şəhərin 3 küçəsində kanalizasiya xəttinin yenilənməsi, 15 yaxın küçədə isə su xətlərinin yenilənməsi nəzərdə tutulub”

Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, ötən dövr ərzində Şirvan şəhərinin əsas daşıyıcı kollektoru, məhəllədaxili kanalizasiya xətlərinin bir hissəsi yenilənib: “2021-ci lin layihəsində də qeyd olunurdu ki, həmin şəhərin 3 küçəsində kanalizasiya xəttinin yenilənməsi, 15 yaxın küçədə isə su xətlərinin yenilənməsi nəzərdə tutulub. Bununla bağlı tender də keçirilib. Işlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir. Təxminən 18 küçədə su və kanalizasiya layihələrinin icrası planlaşdırılır”.

Günel CƏLİLOVA

Son xəbərlər