Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə keçirilib. Rayonlarda yaranmış icməli və əkinlərin suvarılması üçün su qıtlığı ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov hesabat verib:
“Möhtərəm cənab Prezident, təşəkkür edirəm. Siz bu gün içməli su təsərrüfatında olan həm uğurlardan, həm də nöqsanlardan geniş danışdınız. İcazə versəniz, mən də bununla bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Son zamanlar iqlim dəyişikliyi ilə bağlı regionlarda, bir neçə rayonda suyun verilişində fasilələr yaranıb. Bu, əsasən Xızı, Altıağac rayonlarında su mənbələrində suyun azalması ilə bağlı olub. Eyni zamanda, Zaqatala şəhərində dağ çaylarında baş verən daşqınlar zamanı mənbədə bulanıqlıq artdığına görə şəhərə suyun verilişində fasilələr yaranır. Siz çox doğru qeyd etdiniz ki, alternativ su mənbələrinin tapılması mühüm məsələdir. Zamanında bu layihələr hazırlanarkən ehtiyatlar qiymətləndirilib, amma iqlim şəraitinin bu cür dəyişməsi, ola bilsin ki, nəzərə alınmayıb. Lakin biz qabaqcadan bu dinamikaları nəzərə alaraq, həm suyun keyfiyyət parametrlərində, həm də həcmində bir neçə rayonla bağlı məsələ qaldırdıq və Sizin Sərəncamınızla Lerik, Qobustan, Ağstafa, Gədəbəy, Şamaxı və Tovuz rayonlarında bu işlər həyata keçirildi. Şamaxı və Tovuz şəhərlərində hələ bu layihələr tam başa çatmasa da, birinci mərhələdən sonra şəhərə suyun verilişində problemlər nisbətən aradan qaldırıldı. Lakin digər rayonlarda həmin alternativ mənbələr hesabına suyun verilişində heç bir problem yaranmayıb.
Uçqun bulağı Xaçmaz şəhərinin qədim su mənbəyidir. Həmin mənbədə suyun həcmi çox olduğundan onu Bakı xəttinə qoşmuşduq, hazırda yaranan vəziyyətdə iki məhəllədə suyun verilişində fasilə, yəni suyun həcmində azalma müşahidə ediləndə biz həmin suyu Xaçmaz şəhərinə birləşdirdik. Lakin cənab Prezident, təkcə Xaçmaz şəhəri deyil, bir çox şəhərlərdə - Şamaxı, Qax, Qəbələ və sair şəhərlərdə, xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti ilə layihələndirilən rayonlarda layihələr 2009-2012-ci illərə əsasən hazırlanıb. Bu layihələr hazırlanarkən şəhərin mövcud ərazisi nəzərə alınıb. Amma sonradan, bildiyiniz kimi, ölkəmizdə Abşeron yarımadasında, regionlarda şəhərlər sürətlə böyüyür və bu böyümə nəticəsində təkcə Şamaxıda min ev bu gün layihədən kənarda qalıb. Yəni layihə zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə 500 ev və sair. Belə hallar bir çox rayonlarda var və biz bununla bağlı yeni layihələr hazırlayırıq ki, gələcəkdə investisiya proqramı çərçivəsində bu kəndlərin problemi həll olunsun”.
Prezident İlham Əliyev Qorxmaz Hüseynova belə cavab verib: “Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın. İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır. Bəs necə ola bilər ki, 30-cu ilə qədər siz bunu planlaşdırırdınız, indi 600 ev tikilib və su çatmır?”
Qorxmaz Hüseynov:“Cənab Prezident, üzr istəyirəm, bizim suyun hesabatı 2030-cu il nəzərə alınmaqla, əhali artımı nəzərə alınmaqladır. Amma infrastruktura ayrılan vəsait mövcud ərazi üçün nəzərdə tutulduğundan yenidən maliyyələşib, yenidən qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşən rayonlarda. Çünki beynəlxalq maliyyə qurumları bu layihələrə əlavə vəsait ayırmayıb”.
Prezident İlham Əliyev:“Onlar ayırmayıb, onda müraciət edəydiniz hökumətə, biz dövlət investisiya proqramından vəsait ayırardıq. Onlar ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm. Bəs yaxşı, heç kim bilmir ki, yeni evlər tikilir, Azərbaycanın əhalisi artır və artacaq? Hər dəfə mənə deyirdiniz ki, 2030-cu ilə qədər hər şey nəzərdə tutulub - mənbə də, infrastruktur da. İndi də deyirsən ki, yox 600 ev orada tikilib, 1000 ev burada tikilib, ona görə su çatmır”.
Göründüyü kimi, Prezident qorxmaz Hüseynova haqlı irad tutub, o da öz növbəsində, yaranmış vəziyyətə əsaslı izah verib. Məlum olub ki, nəzərdə tutulan layihə maliyyə çatışmazlığı səbəbindən yekunlaşmayıb. Bu problemin ən optimal variantı nədən ibarətdir?
Regionun aparıcı konsaltinq şirkətlərindən olan "Bureau De Qualite Azərbaycan”ın direktoru, beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı ciddi araşdırmalar aparıb, təkliflər veriblər:“Bizim su infrastrukturu ilə bağlı yaranan problem yalnız indi meydana çıxmayıb və sırf su qıtlığı ilə bağlı deyil. Uzun illər ərzində su balansının düzgün təhili aparılmayıb. Bunu zamanında biz də hökumətin diqqətinə çatdırmışıq. Ölkə başçısı də belə bir problemin olduğuna diqqəti yönəltdi. Azərbaycanda olan su ehtiyyatlarının həcmi, gücü tam müəyyənləşəndən sonra düzgün qərar verilib, investisiya qoyula bilər. Konfransda doğru buyuruldu ki, Azərbaycanın bir çox regionunda beynəlxalq qurumların maliyyəsi əsasında infrastruktur layihələr həyata keçirilib. Həmin qurumlar yalnız mövcud vəziyyəti nəzərə alaraq öz layihələrini icra edirdilər. 3-5 ildən sonra orada artan əhali sayı ilə bağlı məsələni öz məsuliyyətləri sırasına daxil etməyiblər. İnvestisiya qoyuluşu ilə bağlı ciddi təhlillərin aparılmasına ehtiyac var. Bu da ucuz xidmət sayılmır. Bunun üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Qorxmaz Hüseynov problemin nədən ibarət olduğunu düzgün olaraq diqqətə çatdırdı. Gördünüz ki, ölkə başçısı da bunun üçün maliyyənin ayrılmasına hazır olduqlarını bildirdi. Hesab edirəm, bu sahədə bizim də yaxşı beynəlxalq əlaqələrimiz mövcuddur. İstənilən vaxt öz yardımımızı təklif edə bilərik. Burada yeganə həll olunmamış məsələ maliyyədir. Onun da ayrılmasına Prezident etiraz etmədi. Bundan sonra bütün dövlət qurumları bu sahədə üzərlərinə düşən işi daha məsuliyyətlə görməlidirlər. Görürsünz ki, su ehtiyatlarının düzgün pronozlaşdırılmaması iqtisadiyyatımıza nə qədər ziyan vurur. Hesab edirəm ki, gələcəkdə bu məsələ ilə bağlı planlaşdırma aparılarkən mütləq mənada su ehtiyatlarının qənaəti məsələsinə də ciddi önəm verilməlidir. Çünki bizdə itkiyə çox su gedir”.
İstər müşavirədə, istərsə də ekspertlərin qaldırdığı məsələlər, verilən təkliflər ciddi nəzərə alınmalıdır ki, ölkəmizin rastlaşdığı bu problemi kökündən həll edə bilək.
Məhəmmədəli QƏRİBLİ