Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir. “Trend”in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, ATƏT Avropada təhlükəsizlik və sabitliyin təmin olunması üçün yaradılmış vacib beynəlxalq təşkilatdır:
“ATƏT-in vacib tapşırıqlarından biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bunun üçün daha çox səy göstərilməsini istəyirik”.
Səfir təəssüflə qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq, münaqişə hələlik həll olunmayıb: “Problemin həlli üçün parametrlər məlumdur. BMT və ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Amma hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib və ona görə də biz ATƏT-in bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirik. Amma hazırda biz münaqişənin həlli üçün vacib mexanizm olan ATƏT-i dəstəkləyirik və ümid edirik ki, ATƏT Minsk Qrupunun həmsədrləri münaqişənin həlli yolunu tapacaq”.