Hərbi müstəvidə də Azərbaycan və Rusiya arasında əlaqələrin kifayət qədər intensivliklə inkişaf etməsi müşahidə olunur. Belə görünür ki, qarşıdakı dövr ərzində bu istiqamətdə tərəflər münasibətlərini daha da dərinləşdirməyi nəzərdə tutur.
Hər halda, Prezident İlham Əliyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə səslənən fikirlər də bu qənaəti gücləndirir. Rusiyalı generalla görüşdə Azərbaycan dövlət başçısı bu xüsusda bildirib: “Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var”.
İki ölkə arasında hərbi əməkdaşlığın inkişafı məsələsi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə də əsas müzakirə predmetlərindən biri olub. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan N.Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib. Hərbi-texniki sahədə əməkdaşlıq haqqında danışan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, ölkəmiz Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir. V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək, hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bəyan edib. Bunlar fonunda gözlənir ki, qarşıdakı dövr ərzində tərəflərin hərbi-texniki sahədə əməkdaşlığı daha da genişlənsin. Bunu rus hərbi ekspert Aleksandr Xrolenko da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan-Rusiya əməkdaşlığının müsbət inkişafı, başda Azərbaycan və Rusiya Federasiyası olmaqla, beş Xəzəryanı dövlətin başçılarının əldə etdiyi regional gərginliyin azaldılması prosesinə böyük kömək edir:“Ötən ilin yayında Xəzərin statusu haqqında konvensiya imzalanmışdı ki, bu da təbii sərvətlin bölüşdürülməsi və Xəzəryanı olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzər akvatoriyasında olmaması prinsiplərini müəyyənləşdirdi. Əvvəllər Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasındakı ziddiyyətlər regional turbulentlik yaradan iqtisadi sektorların məhdudlaşdırılması ilə əlaqədar olaraq qalırdı. Konvensiya Xəzəryanı ölkələrin silahların artırılması zərurətini azaltdı və hazırda bölgədəki hərbi-siyasi vəziyyət dinamikliyi ilə fərqlənir. Əfqanıstan və Yaxın Şərqdəki gərginlik ocaqları Azərbaycan və Rusiyanı narahat edir. Bunlar beynəlxalq terrorizm və sərhədyanı cinayətlər (narkotik ticarəti, silah qaçaqmalçılığı, yaraqlıların hərəkəti) təhlükəsini ortaya qoyurlar. Buna görə Bakı ilə Moskva ikitərəfli və MDB Terrorla Mübarizə Mərkəzi çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Sahil hissəsində hər hansı bir terror təzahürünün qarşısını almaq üçün sərhəd xidmətləri, xüsusi xidmətlər vasitəsilə məlumat mübadiləsi də aparılır. Son məqsəd inam yaratmaq və Xəzər bölgəsində insidentlərin qarşısını almaqdır”.
Ekspert bildirir ki, Rusiya və Azərbaycan iyun ayında hərbi-sənaye sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb: “Rusiya Azərbaycanın silah və digər hərbi təyinatlı məhsullar aldığı ölkələr arasında çoxdan lider mövqeləri tutur. İl ərzində Bakı ilə Moskva arasındakı dövriyyə 20% artaraq 2,5 milyard dollara çatıb. Bu məbləğdə əhəmiyyətli yeri hərbi-texniki əməkdaşlıq müqavilələri tutur.
Rusiya Azərbaycana T-72 və T-90S tanklarını, ZTR-80 zirehli transportyorları, yaylım atəşi reaktiv sistemləri, çoxməqsədli helikopterlər, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri və döyüş sursatları verib. "Rusiya Helikopterləri" Holdinqi 2016-cı ildə “Silk Way Helicopter Services” şirkəti ilə Rusiyanın Mi-8/17 helikopterlərinə xidmət göstərmək və onları təmir etmək məqsədilə Azərbaycan ərazisində müştərək müəssisə yaratmaq barədə müqavilə imzalayıb. Gələcəkdə Azərbaycan Rusiyanın əlavə Mi-35 hücum helikopterləri, "Pantsir" zenit kompleksləri və bir sıra digər silahlar ala bilər. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq 2003-cü ildən etibarən, Azərbaycan və Rusiya hərbi idarələrinin rəhbərləri hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişi imzaladıqdan sonra dinamik inkişaf edir. Azərbaycanın Rusiyadan əldə etdiyi hərbi təyinatlı məhsulların həcmi 5 milyard dollar qiymətləndirilir”.
Ekspert xatırladır ki, hərbi-texniki və iqtisadi əməkdaşlıqla yanaşı, Bakı ilə Moskvanın birgə səy göstərdiyi xüsusi qeyd edilməyə dəyər başqa bir istiqamət də var ki, bu da Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır:“Hesab olunur ki, Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münasibətləri normallaşdırmağa kömək etmək üçün geniş imkanları var. Bunu təsdiq edən çox sayda amillər var.
Vladimir Putinin vasitəçiliyi ilə Moskvada, futbol üzrə Dünya Çempionatının açılışında İlham Əliyev və Nikol Paşinyan şəxsən tanış olublar. Münaqişənin həllinin yalnız siyasi yolla əldə oluna biləcəyini təsdiqləyən 2008-ci il Moskva Bəyannaməsini (bu hələlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənista rəhbərlərinin imzaladığı ilk və yeganə sənəddir) dəyərləndirmək də qeyri-mümkündür. Rusiyanın köməyi ilə 1994-cü ildə hazırkı atəşkəsin əsasını təşkil edən atəşkəs haqqında saziş bağlanıb. Qeyd edək ki, Avropa İttifaqı və NATO uzaqdadır, Rusiya isə daim yaxındadır. Azərbaycan Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya Federasiyası isə Azərbaycanın əsas mal təminatçısıdır. Bakı və Moskva Xəzərdə yeni inteqrasiya konfiqurasiyası - Azərbaycan-İran-Rusiya çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu qarşılıqlı əlaqənin əsasını Hindistan, İran, Fars körfəzi ölkələrindən tranzit malların Azərbaycan, Rusiya Federasiyası ərazisinə və daha sonra Şimali və Qərbi Avropaya daşınması üçün nəzərdə tutulmuş ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi təşkil edir. Xəzərdə bu yaxınlarda müəyyənləşdirilmiş oyun qaydaları Moskva ilə Bakı arasında karbohidrogenlərlə zəngin olan bölgədə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır”.
Bütün bu qeyd edilənlər qarşıdakı dövr ərzində əlaqələrin hərbi müstəvidə yeni yüksəliş mərhələsinə keçəcəyini bir daha aydın surətdə nümayiş etdirir.
Nahid SALAYEV