Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. “Trend”in məlumatına görə, bu qərarı YAP öz səlahiyyətlərindən istifadə edərək qəbul edib.
Noyabrın 29-da Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.
Qeyd edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilir.
Xatırladaq ki, daha öncə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov
deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur: “İnsanlar islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların razılığı ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli, geniş əhatəli xarakter alıb.
Bu xətt bundan sonra da davam edəcək. YAP üzvləri belə qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsini məqsədəuyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.
Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərara yaxın günlərdə baxılacaq”.
Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun formalaşmasının diqqətdə olacağını deyən Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən insanların cəlb edilməsindən gedir: “Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni azərbaycan Partiyasından nə qədər insanın parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.