Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində atılan addımlar hələ də Ermənistanın qeyri-konstruktiv yanaşması üzündən hansısa nəticə vermir. Belə vəziyyətdə savaş ehtimalının yüksəlməsi barədə edilən xəbərdarlıqların da sayı artır. Məsələ ilə bağlı “168 Jam”a müsahibəsində Qarabağ Müharibəsi Veteranları İttifaqının sədri Qriqor Qriqoryan bildirir ki, İrəvan Bakının əsəblərini artıq tarıma çəkir, bu da savaşı qaçılmaz edir.
O, 2018-ci il ərzində Azərbaycan ordusunun Naxçıvan istiqamətində minlərlə hektar ərazini tutduğunu bildirir və qeyd edir ki, bu da Azərbaycana əlavə mühüm üstünlüklər qazandırıb. Qriqoryan Azərbaycanın hazırda döyüş fəaliyyətinə hazırlaşdığını deyib:“Məncə, yaxın 3-4 ay ərzində Azərbaycan tərəfi fəaliyyətə başlaya bilər. Əsas hərbi fəaliyyət istiqaməti Naxçıvan olacaq”. Eyni narahatlığı erməni politoloq Armen Minasyan da bölüşür. O bildirir ki, əslində, İrəvanın yanlışlıqları üzündən Bakı həm hərbi, həm də diplomatik müstəvidə mühüm üstünlüklər qazanıb: “Bunu real vəziyyət də təsdiq edir. Məsələn, Ermənistan baş nazirinin saytında artıq qeyd edilib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda müharibə edir. Artıq 30 ildir Ermənistan, diaspor, erməni lobbisi mübarizə aparır ki, bütün dünya Dağlıq Qarabağ münaqişəsinin nəinki Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olduğunu, həmçinin “millətlərin öz müqəddəratını təyin etmə hüququ”nun ömürlük mübarizəsi olduğunu qəbul etsin. Amma indi Paşinyan hakimiyyəti faktiki olaraq münaqişənin Azərbaycan və Erəmnistan arasında getdyini təsdiqləyir”. O, bu halda Azərbaycanın hərbi üstünlüyünə həm də diplomatik qələbələrin əlavə olunduğunu vurğulayır.
Ermənistanın “1in.am“ saytı isə yazır ki, yaranmış vəziyyətdə Azərbaycan müharibəyə başlasa, Ermənistanı ciddi problemlər gözləyir: “Səbəb çox sadədir. İlk növbədə ordu və demoqrafiya amili burada özünü qabarıq göstərir. Söhbət ondan gedir ki, Azərbaycan əhalisində və müvafiq olaraq ordusunun şəxsi heyətində artım var. Ermənistanda isə əks prosesdir. Bu fonda Rusiya vətəndaşlığı ilə bağlı vəziyyət xüsusi diqqət cəlb edir. 2019-cu ilin yanvar-sentyabr aylarında 285 min əcnəbiyə Rusiya vətəndaşlığı verilib. Onlardan 17 mini Ermənistan vətəndaşıdır. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya vətəndaşlığı alanlar arasında ukraynalılar ilk pillədə qərarlaşıb (146) min. Qazaxıstan ikinci (35 min), Tacikistan üçüncü (30 min), Ermənistan isə dördüncü (17 min) yerdədir. Ukraynalıların siyahıya liderlik etməsinin Kiyevlə Moskva arasındakı münaqişədən qaynaqlandığı hesab olunub. Rusiya siyasi baxımdan ukraynalılara üstünlük verir. Qazaxıstanda rus əsilli vətəndaşların çox yaşadığını nəzərə alsaq, bunu rusların “öz evlərinə qayıdışı” olaraq qəbul etmək mümkündür. Tacikistanda sosial-iqtisadi vəziyyət taciklərin Rusiyaya axınına zəmin yaradır. Burada əsas məqam Ermənistandır. İnqilab edən və demək olar ki, baş nazir Nikol Paşinyanın hər gün inkişafdan danışdığı Ermənistandan vətəndaşlar niyə qaçır və başqa ölkələrin vətəndaşlığını almağa çalışırlar? Proqnozlara görə, qarşıdakı üç il ərzində Rusiya iqtisadiyyatını durğunluq gözləyir. İtaliyanın “UniCredit” bankının hesablamalarına görə, 2019-2020-2021-ci illərdə Rusiyanın iqtisadi artımı 1,4 faiz olacaq. Bu, ölkədə iş yerlərinin və gəlirin azalması ilə nəticələnə bilər. Buna baxmayaraq, digər ölkələrin – Ukrayna, Qazaxıstan, Tacikistan, Ermənistan – vətəndaşlarının Rusiya vətəndaşlığını almağa can atması suallar doğurur. Üç ölkənin – Ukrayna, Qazaxıstan və Tacikistanın siyahıya başçılıq etməsinin səbəbi məlumdur. Bəs, Ermənistanın 17 min vətəndaşı niyə öz kimliyini cıraraq Rusiya vətəndaşı oldu? Demokratiya və insan haqlarının “qorunduğu” deyilən, hakimiyyətin “iqtisadi artım”dan danışdığı ölkənin vətəndaşlarını buna nə məcbur edir? İnsan haqlarının qorunmasının fundamental prinsiplərindən biri sosial müdafiədir. Bu gün Ermənistanın ən böyük problemi məhz budur: dağılmış iqtisadiyyat, kosmetik inkişaf və acların qaçışı. İndi ermənilərin ölkədən qaçması Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına qoyub. Ermənilər inqilabın olduğu və demokratikləşdiyi hesab olunan Ermənistandan ABŞ və Avropanın sanksiyaları altındakı Rusiyaya həmişəlik köçürlər. Hətta Rusiya pasportu almaq üçün ermənilərin arasında aşkar mübarizə gedir. O zaman sual yaranır, Ermənistanda demokratiyanın hansı faydası var? Ümumiyyətlə, real demokratiya varmı? Qanunun aliliyi təmin edilibmi? Sosial lift işləyirmi, zəhmətkeşlər, savadlı və dürüstlər üçün perspektiv mövcuddurmu? Təəssüf ki, xeyr. Ümidlərimiz böyük idi, lakin biz heç nə əldə edə bilmədik. Rusiyaya birdəfəlik köçən ermənilərin sayı Ermənistanda “məxməri inqilabın” hökmünü verir. Bütün bunlar Ermənistanın bir dövlət kimi sonunu yaxınlaşdırır. Təbii ki, əhalinin, xüsusən də gənclərin sayının azalması təhlükəsizliyə də birbaşa təsir edir. Faktdır ki, ordunun şəxsi heyətlə təmini problemi ciddiləşir. Onda sabah Qarabağ müharibəsi yenidən başlasa, bizi nə gözləyir? Vəziyyət faciəvidir və hakimiyyət bundan, görünür, hələ də lazımi nəticə çıxara bilmir”.
Erməni nəşrinin yazdıqları əslində tam reallığı əks etdirir. Bu ölkədə demoqrafik fəlakət ordu amilinə də neqativ təsir göstərir. Bu arada Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin Ermənistanın ictimai-iqtisadi vəziyyəti ilə bağlı yayımladığı məruzə isə işğalçı ölkəni məhv olmaq perspektivi gözlədiyini təsdiqləyir. Məruzədə deyilir ki, yalnız Rusiyanın və diasporun maliyyəsi hesabına yaşayan Ermənistanda hər il minlərlə insan ölkəni tərk edir: “1991-ci ildə 100 minlərlə insan Ermənistanı həmişəlik tərk etdi. Sonrakı üç ildə Qarabağda müharibə gedirdi və bunun nəticəsində 497,5 min vətəndaş miqrasiya etdi. Bu rəqəmlərin nədən ibarət olduğunu anlamaq əhəmiyyətlidir: bütün azərbaycanlılar Ermənistandan qovuldu, yaxud təqiblərdən yaxa qurtarmaq üçün qaçdılar. Bununla yanaşı, digər xalqların nümayəndələri, həmçinin ruslar və yəhudilər də ölkəni tərk etdilər. Nəticədə bu gün respublikanın 96 faiz əhalisi ermənilərdən ibarətdir. Onların ölkəni tərk etməsi bu gün də davam edir. Belə vəziyyətdə baş nazir Nikol Paşinyanın önündə həll edilməli problemlər var. Xüsusilə yoxsulluq, korrupsiya və oliqarxiya kimi. Bununla yanaşı, ölkənin inkişafını tamamilə dayandıran Dağlıq Qarabağ münaqişəsi həll edilməli və Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır. Ermənistan Qarabağ müharibəsində etnik təmizləmə apardığı və azərbaycanlıları Azərbaycanın digər rayonlarına köçməyə məcbur etdiyi üçün günahkardır. Öz növbəsində, bu gün Ermənistan hakimiyyəti Suriyadan gələn erməni qaçqınları Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz olaraq köçürür, beləliklə, işğal edilmiş Dağlıq Qarabağda pozitiv demoqrafiya görüntüsü yaratmağa çalışır. Buna paralel olaraq, Ermənistanın özündə emiqrasiya stabil olaraq yüksək səviyyədə qalır”. Bu xüsusda rusiyalı ekspert Yeqor Mixaylov çox maraqlı fikirlər səsləndirir: "Ermənistandakı demoqrafik və sosial böhran davam edir. Bu isə silahlı qüvvələrdə döyüş hazırlığının səviyyəsinə də mənfi təsir göstərir". Rusiyalı ekspert bu gün Ermənistandan və işğal altındakı Dağlıq Qarabağdan yüzlərlə erməni gəncin ilk fürsətdəcə xaricə üz tutmağa hazır olduğunu bildirir: “Qonşulara qarşı düşmənçiliyin sonu yoxdur. Sadə ermənilər artıq hər şeyi dərk edir, rəsmi mövqe ilə üst-üstə düşməyən nəticələr çıxarırlar. Onların qənaətincə, yoxsulluq və səfalətin tüğyan etdiyi Ermənistanda uşaq sahibi olmaqdansa, baş götürüb xaricə getmək məsləhətdir. Hazırkı demoqrafik böhran ordunun döyüş qabiliyyətinə də təsir göstərir. Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra artıq bütöv bir nəsil dəyişib. Bugünkü nəslin əvvəlkilər qədər sağlam olmaması üzündən bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında olmamasına görə erməni əsgərlərinin döyüş hazırlığında kəskin geriləmə göz qabağındadır. Bunun səbəbi də iqtisadiyyatın acınacaqlı vəziyyəti üzündən güzəranı təmin edəcək qazanc mənbələrinin olmaması nəticəsində bir çox valideynin övladlarını lazımınca qidalandırmamasıdır”. Miqrasiya, demoqrafiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, hərbçi qıtlığı problemi ilə daha kəskin şəkildə üzləşəcəyi istisna edilmir.
Daha bir maraqlı məqam ordunun özündəki problemlərlə bağlıdır. Ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də dəfələrlə bəyan edib ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərir. Assambleyanın Vanadzor ofisindən verilən bəyanatlarda o da vurğulanır ki, Ermənistan ordusunda əsgər ölümünün sayı yenə kütləvi xarakter daşıyır. Ölkədəki “Əsgər anaları” İctimai Birliyi və digər qeyri-hökumət təşkilatları da faktları tədqiq edərək bildirirlər ki, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən gün Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhdetmə, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı artır. Bütün bunlar, həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir. Məhz bu vəziyyətdə Qarabağ savaşının yenilənməsi halında erməni tərəfini böyük zərbələr gözləməsi düşmən ölkənin özündə də açıq şəkildə vurğulanır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.