Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Tədbirdə ölkə başçısı geniş nitq söyləyib. Prezident ölkə daxilində gedən siyasi mübarizənin konturlarından danışıb və sağlam müxalifətin olmadığını bildirib.
İlham Əliyev hətta belə müxalifətə hakimiyyətin özünün də ehtiyac duyduğunu deyib: “...Nəyə görə? Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah, deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür”.
Göründüyü kimi, ölkə başçısı ölkədə, faktiki olaraq, konstruktiv müxalifətin olmadığını diqqətə çatdırır. Amma siyasi arenada kifayət qədər özlərini konstruktiv müxalifət sayan qüvvə mövcuddur. Onların bu irada münasibəti necədir?
Vüqar Rəhimzadə: “Cənab İlham Əliyev tamamilə doğru vurğuladı ki, belə institutların formalaşmasının bütün cəmiyyətə faydası dəyər”
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, cənab Prezidentin daxili siyasi mübarizənin elementləri ilə bağlı səsləndirdiyi təkliflər çox zəruridir: “Prezident əsaslandırılmış şəkildə izah etdi ki, müxalifət dövlətin idarə olunmasında vacib element sayılır. Ancaq Prezidentin görmək istədiyi müxalifət sağlam müxalifətdir. Burada heç də elə təəssürat yaranmasın ki, sağlam deyəndə tənqiddən uzaq olan, sakit müxalifət nəzərdə tutulur. Xeyr, ölkə başçısının özü də qeyd etdi ki, dövlətin inkişafı ilə bağlı sağlam tənqidlər səsləndirən, konstruktiv təkliflər verən təsisatların olması zəruridir. Bizdə radikal müxalifət mövcuddur. Onları cəmiyyətin heç bir təbəqəsi qəbul etmir. Ölkə başçısı onların yerini doldura biləcək konstruktiv müxalifətin olmasını görmür. Bu səbəbdən də ortaya ədalətli yanaşma qoyur. Cənab İlham Əliyev tamamilə doğru vurğuladı ki, belə institutların formalaşmasının bütün cəmiyyətə faydası dəyər”.
Elşən Manafov: “Proporsional seçki sisteminin bərpa olunması partiyaların cəmiyyətdəki rolunu artıra bilər”
Özünü konstruktiv müxalifət partiyası sayan, parlamentdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Elşən Manafov qəzetimizə açıqlamasında bildirdi ki, görünür, bu məsələyə dövlət başçısının öz fərqli münasibəti var: “Bu onu göstərir ki, özünü konstruktiv kimi göstərən, parlamentdə təmsil olunan partiyaların heç də hamısının ictimai rəyə lazımi səviyyədə təsiri yoxdur. Mən belə deyərdim ki, onların fəaliyyəti cənab Prezidentin görmək istədiyi səviyyədə deyil. Prezident doğru olaraq qeyd etdi ki, köklü ölkələrdə müxalifətin özünəməxsus yeri olur. İqtidar taleyüklü məsələlərdə məsuliyyyəti müxalifətlə bölüşə bilir. Prezidentin çıxışında bu məqama da toxunulub. Bəli, ölkə başçısı qeyd etdi ki, yetərincə güclü imkanlara sahib olan, konstruktiv təkliflərlə çıxış edən müxalifətin olmasını istəyirlər. Görünür, ölkə başçısı belə müxalifəti siyasi spektrdə görmür. Yeri gəlmişkən qeyd edim ki, ötən il baş tutmuş prezident seçkilərindən sonra ölkə başçısı seçkilərdə iştirak etmiş müxalif partiyaların hamısına öz təşəkkürünü bildirdi. Qeyd edim ki, bizim partiyanın sədri Fərəc bəy də həmin seçkilərdə prezidentliyə namizəd kimi iştirak edib. Ölkədə müxalif partiyaların gücünün artması ölkənin siyasi sistemində olan müəyyən boşluqların doldurulmasına müsbət impuls verə bilər. Düşünürəm ki, bunu ölkədə keçiriləcək növbəti parlament seçkiləri təmin edə bilər. Həmin seçkilərdə proporsional seçki sisteminin bərpa olunması partiyaların cəmiyyətdəki rolunu artıra bilər. Hazırda qanunvericilik buna imkan vermir. Hesab edirəm ki, ölkə başçısı belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edib həmin seçki sisteminin bərpasına nail ola bilər. Onda siyasi mübarizə də aktiv məcraya düşər və partiyalar daha da güclənər”.
Məhəmmədəli QƏRİBLİ