Azərbaycan dövləti və xalqı bütün dövrlərdə islam həmrəyliyinə böyük töhfələr verib. Bu istiqamətdə ölkəmizin evsahibliyi ilə bir sıra tədbirlər keçirilib. Azərbaycan öz əməli fəaliyyəti ilə islam həmrəyliyinə töhfələr versə də, təəssüf ki, bəzi islam dövlətlərinin timsalında bunu görə bilmirik. Halbuki, Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğalda saxlamasına islam dövlətləri ən kəskin reaksiya verməli idilər, lakin onların bir çoxu hələ də susur və dolayısı ilə ermənilərlə həmrəylik nümayiş etdirir.
Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev bir sıra məsələləri, o cümlədən, bəzi islam dövlətlərinin ermənilərlə can bir qəlbdə olduqlarını qeyd edib. “...Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
Biz dəfələrlə islam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!”.
Prezident hansı müsəlman ölkəsini nəzərdə tutur?
“Ermənistanla qucaqlaşan müsəlman dövlətlərinin başında molla rejiminin hökm sürdüyü İranın dayandığı məlumdur”
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, müsəlman ölkələrinin bir çoxu həmrəylik məsələsində axsayır. O qeyd etdi ki, məscidlər dünyanın harasında olmasından asılı olmayaraq, oranı müdafiə etmək bütün müsəlman, islam dövlətlərinin borcudur: “Cənab Prezident ad çəkməsə də, elə dəqiq təsvir etdi etdi ki, hər kəs üçün hansı müsəlman dövlətinin Ermənistana dəstək verdiyi, ermənilərlə qucaqlaşdığı aydın oldu. Ermənistanla qucaqlaşan müsəlman dövlətlərinin başında molla rejiminin hökm sürdüyü İranın dayandığı məlumdur. İslam Konfransı Təşkilatı, eləcə də islam birliyi ilə bağlı yaradılan təşkilatların çoxu formal xarakter daşıyır və onların arasında, Türkiyə başda olmaqla, bir neçə dövləti çıxmaq şərtilə, o biriləri Ermənistanla isti münasibətlər qurur, Qarabağ probleminin haqlı tərəf olan Azərbaycan dövlətinin xeyrinə həll edilməsinə dəstək olmurlar. Molla rejimi öz maraqlarına görə daim Ermənistanı dəstəkləyib və bu gün də dəstəkləyir. Ona görə də bu fikirləri bu şəkildə şərh etmək daha uyğundur. Bilirsiniz, elə məsələlər var ki, müəyyən səbəblərdən onlar haqqında açıq danışmaq olmur. Üstüörtülü fikirlərlə həmin məsələləri açmaq olur və hər dövlət də buradan özünə aid olan mesajı alır. Əlbəttə, bizim məscidləri viranə qoyan, o müqəddəs məkanları murdarlayan ermənilərə heç bir müsəlman ölkəsi qucaq açmalı deyildi. Amma təəssüf ki, faşist ideologiyasına xidmət edən, faşizmi dövlət siyasətinə çevirən Ermənistana qucaq açan müsəlman dövlətləri var və hesab edirəm ki, onlar buraxdıqları bu səhvləri düzəltmək üçün addımlar atmalıdırlar. Biz islam həmrəyliyindən danışırıqsa, öz dindaşlarımızı işğalçının yanında görmək istəmirik”.
F.Ələkbərli hesab edir ki, Azərbaycan dövlətinin islam həmrəyliyi naminə yürütdüyü siyasət digər islam dövlətlərinə də nümunədir və ermənilərlə qucaqlaşan müsəlman dövlətləri bizdən örnək götürməlidirlər.
İradə SARIYEVA