Ermənistanda ötən il baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Qərbin, xüsusən də ABŞ-ın orbitinə yuvarlamaq cəhdlərinin olması heç kimə sirr deyil. Rusiyadan gizli və ya açıq şəkildə edilən bütün xəbərdarlıqlara baxmayaraq, Nikol Paşinyan hökuməti Moskvaya xəyanət edərək, Qərbdən gələn göstərişləri hələ də can-başla yerinə yetirir. Hazırda Rusiyanın bu xüsusda narahat olduğu bir sıra mühüm məqamlar var. Onlardan biri Ermənistan ərazisində yerləşən ABŞ-ın bioloji laboratoriyalardır. Özü də Moskvanın dəfələrlə təkid etməsinə baxmayaraq, İrəvan hələ də bu laboratoriyalara rusları buraxmır.
Məsələ ilə bağlı Ermənistanın “168 jam” qəzeti yazır: “Rusiyalı mütəxəssislərin Ermənistan ərazisində yerləşən bioloji laboratoriyalara buraxılması məsələsi sonuncu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana bu ayın ortalarında baş tutan ikigünlük səfərində əsas müzakirə mövzularından biri oldu. Lavrov bildirdi ki, Moskva bu məsələ ilə bağlı tezliklə memorandum imzalamaq ümidindədir. Amma İrəvan buna tələsmir. Moskva da bundan çox qəzəblənir. Hələ 2008-ci ildən Pentaqon Ermənistanda 10-a yaxın bioloji laboratoriya yaradıb. Onlar Amerikanın müdafiə məqsədli “Müştərək iştirakla bioloji proqram”ı üzrə işləyirlər. Ermənistan hakimiyyəti bildirir ki, bioloji laboratoriyalar yalnız tibbi məqsədlərlə istifadə olunur. Amma Rusiya XİN rəhbəri Moskva və İrəvanın bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Bu kontekstdə o, bioloji silahın hazırlanmasını qadağan edən konvensiyanın mövcudluğunu da xatırladıb və bildirib ki, ABŞ qəti şəkildə bu konvensiyaya etiraz edir, dünyanın hər yerində ikitərəfli əsasda özünə tabe olan laboratoriyalar yaratmağa çalışır. Lavrovun bu bəyanatından belə nəticəyə gəliblər ki, Rusiya həmin laboratoriyaların Ermənistanda mövcud olduğunu güman edir. Hazırda laboratoriyalar məsələsi Moskva və İrəvan arasında ciddi ziddiyyət predmeti olaraq qalmaqda davam edir və belə getsə, Moskva Ermənistana qarşı müəyyən cəza tədbirlərini işə sala bilər”.
Rusiyanı narahat edən daha bir məqam isə Ermənistanda ABŞ-ın təsir dairəsində olan QHT-lərə yaradılan şəraitdir. Bu günlərdə sözügedən xüsusda “Nezavisimaya gazeta” maraqlı məqamlara toxuünaraq yazırdı: “Bu gün Qərb polittexnoloqları tərəfindən şüurun kompleks emalı üzərindən Rusiyaya nifrət aşılanır. Erməni xalqı da belə bir emalın qurbanı olub. Keçmiş prezident Serj Sarkisyan 2018-ci ilin aprelində “məxməri inqilab” adlı siyasi fırıldaq nəticəsində hakimiyyəti Nikol Paşinyana verib. Lakin Ermənistan bu hadisələrdən ilyarım sonra belə demokratik ölkə olmayıb, başda Ermənistanın Konstitusiya və qanunlarının durmadığı avtoritar bir dövlətə çevrilib, hamını isə Qərbin qeyri-hökumət təşkilatlarının (QHT) nizamnamələri yönəldir. Ermənistan mədəniyyət, iqtisadiyyat və ənənəvi dəyərlər üçün doğan bütün nəticələrlə ABŞ-ın geopolitik maraqları orbitinə düşüb. Məsələ burasındadır ki, Qərbin QHT-ləri, fondları, sektaları Ermənistana doldurulub. Rusiya, adətən, öz qaydalarına vadar etməyərək postsovet məkanı ölkələrinin hökumətləri ilə münasibətlər qurur və təmas saxlayır. ABŞ isə üsulların geniş cəbbəxanası, o cümlədən çirklilərindən istifadə edərək birbaşa xalqla işləyir. İctimai rəyin gənc, iddialı potensial liderlərini tapır. Təhsil verir, gərəkli ideya məzmunu ilə qidalandırır və bu qayda ilə sıfırdan yeni elita formalaşdırır.
Dövlətləri məhv etmək üzrə məşhur mütəxəssis Corc Sorosun “Ermənistanın Açıq Cəmiyyəti” fondu, eləcə də “Yehova şahidləri”, “Həyat Sözü Kilsəsi” təriqətləri Ermənistanda işləyir. Əldə olan məlumata görə, Ermənistanda çoxu Qərb ölkələrinin hökumətləri, böyük bölümü ABŞ, Fransa, Böyük Britaniya tərəfindən maliyyələşdirilən 3,5 mindən çox QHT qeydə alınıb və işləyir. Ermənistanın fəaliyyətdə olan hökumətində Qərb QHT-lərinin əməkdaşları çalışır. Nikol Paşinyan hökuməti bu fonda hələ də Rusiya-Ermənistan münasibətləri kontekstində özünü gözlənilməz aparır. Hətta Rusiya ermənilərini Ermənistan hökumətinin tərkibinə daxil etmək də qəti qadağan edilib. Paşinyan hökuməti Ermənistanda artıq süni şəkildə qarşılıqlı nifrət atmosferi yaradır, demokratik cəmiyyət qurmaq çağırışları altında insanların hissləri ilə oynayır. Paşinyan xarici və daxili siyasətdə gözlənilməz fəaliyyəti ucbatından Ermənistanın milli təhlükəsizliyinə baş təhlükə olub. O, Amerika milyarderi Corc Sorosa bağlı iki Qərbyönlü qeyri-hökumət təşkilatına hökumət fondundan yetərincə böyük maliyyə vəsaiti verir. Burada xatırlatmaq lazım gəlir ki, ABŞ-ın Ermənistan səfirliyinin 2500-ə yaxın işçisi var (bundan artığı ancaq ABŞ-ın İraq səfirliyindədir), bunların 1200-1400 nəfəri ABŞ Silahlı Güclərinin xüsusi təyinatlılarının təmsilçiləridir. Bu hərbçilər Ermənistanın paytaxtında nə edirlər, məqsədləri nədir? Bu sualı Ermənistanın baş naziri Nikol Paşinyana vermək gərəkdir.
ABŞ-ın ən önəmli hədəfi həm də Rusiyanın 102-ci hərbi bazasıdır. Rusiya hərbçilərinin, ola bilsin, ən yaxın vaxtda ABŞ tərəfdən hücum obyekti ola biləsi İranın yaxınlığında varlığı kürəsəl dünya düzəni memarları üçün son dərəcə arzuolunmazdır. Ermənistandakı QHT-lərin böyük şəbəkəsinin məqsədi Rusiya-Ermənistan münasibətlərini korlamaq, KTMT, MDB, AİB-dən çıxmaq, başlıcası isə, Rusiya hərbi bazasını Ermənistandan çıxartmağa nail olmaqdır. Proseslər elə bu istiqamətdə də gedir”.
Belə bir vaxtda Ermənistanın “Pastinfo” nəşri Rusiyanı qıcıqlandıran daha bir məlumat yayıb. Burada qeyd olunur ki, ABŞ Federal Təhqiqat Bürosu İrəvanda ofisə sahib olma məsələsində maraqlıdır: “Məlumata görə, hələ avqust ayında ABŞ Federal Təhqiqat Bürosunun agenti (milliyyətcə ermənidir, Kaliforniyadandır) İrəvana səfər edib. O, təxminən üç ay İrəvanda olub və yalnız bir neçə gün bundan öncə ABŞ-a qayıdıb. Məlumata görə, ötən üç ay ərzində Federal Təhqiqat Bürosunun nümayəndəsi Ermənistanın hüquq-mühafizə orqanlarında görüşlər keçirib və əlaqələr qurub. Federal Təhqiqat Bürosunun regionda nümayəndəliyi var və bu nümayəndəliyin ofisi Gürcüstanda yerləşir, lakin əməkdaşlığın daha səmərəli olması üçün İrəvanda ayrıca ofisin olması variantı istisna olunmur. Agent burada əməkdaşlıq mexanizmləri yaradıb və bu mexanizmlər yeni ofis üçün faydalı ola bilər”. Aydındır ki, ABŞ xüsusi xidmət orqanlarının Ermənistana gəlişi Moskvada heç də xoş qarşılanmayacaq və bu fonda Kremlin İrəvana qarşı təzyiqlər rıçağını işə salması tamamilə gözlənilən sayılır.
Nahid SALAYEV